Sosial şəbəkələrdə yayılan üzərində yararlılıq tarixi səhv yazılan kolbasa məmulatlarının istehsalçısı olan «Ay-Min» şirkəti görüntü ilə bağlı açıqlama verib.
Şirkətdən FED.az-a bildirilib ki, görüntüsü yayılan kolbasa məmulatının üzərində yararlılıq tarixinin səhv yazılması «Bolmart» ticarət şəbəkəsinin deyil, şirkətin texniki səhvinin nəticəsidir.
Belə ki, «Qəsaab» brendinə aid kolbasa məhsullarının yanvarın 15-də istehsal edilmiş partiyasının üzərində yararlılıq tarixi səhvən fevralın 30-u kimi qeyd edilib.
Bu kolbasa partiyası satışa çıxarılandan sonra şirkət yararlılıq tarixinin səhv olduğunu aşkar edib və yanvarın 18-dən etibarən həmin məhsulların ticarət şəbəkələrindən geri çağırılmasına başlanılıb.
Bununla bağlı «Ay-Min» MMC-nin direktoru, texnoloqu və istehsalat rəisinin imzası ilə yanvarın 18-də tərtib edilmiş aktda bildirilir ki, üzərində tarixin səhv göstərildiyi kolbasa partiyası cəmi 600 kiloqram olub, onun böyük hissəsi artıq satışdan yığışdırılıb.
«Ay-Min» MMC-dən bildirilir ki, bununla da yayılan görüntülərdə göstərilən texniki səhvin kolbasa məmulatlarının satıldığı «Bolmart» ticarət şəbəkəsinə aidiyyatı yoxdur, bu sırf istehsalçının texniki səhvidir.
«Bu mallar istehlaka tam olaraq yararlıdır, yalnışlıq yalnız həmin məhsulların tarixindədir. Yaranmış vəziyyətlə bağlı alıcılardan və öz tərəfdaşlarımızdan üzr istəyirik»-deyə şirkətdən bildirilib.