Laçın istiqamətində Ermənistan Respublikasının silahlı bölmələrinin hərbi təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş hərbi qulluqçumuz Zalov Vidadinin "Elit Lombard"a olan kredit borcu tam olaraq təşkilat tərəfindən silinib.
FED.az xəbər verir ki, bu barədə "Elit Lombard"dan bildirilib.
"Elit Lombard" şəhid hərbçimizə Allahdan rəhmət, yaxınlarına dərin hüznlə başsağlığı diləyir!
Xəbər verdiyimiz kimi, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.