İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində növbəti tədbirini keçirib. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum bu gün Pirallahı rayonunda baş tutub.
Fed.az xəbər verir ki, forum çərçivəsində Pirallahı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədi ilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, zeytunçuluq təsərrüfatının, badam bağının salınması, corab istehsalı, plastik və polietilen qabların təkrar emalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 6,2 milyon manat güzəştli kredit verilib. Bildirilib ki, güzəştli kreditlər müasir istixana kompleksinin yaradılması, bağçılıq, dəri emalı, şpris istehsalı və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 110-dan çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Pirallahı Sənaye Parkında güzəştli kredit ayrılmış şpris istehsalı müəssisəsinin tikinti işlərinə baxış keçirilib. Azərbaycanda ilk dəfə yaradılacaq bu zavodda ildə 100 milyon ədəd şpris istehsal etmək mümkün olacağı qeyd edilib.
Bu sahibkarlara 6,2 milyon manat kredit verildi
15:47
2 Noy 2017