Göyçay rayonunun xurma bağlarında məhsul yığımı başa çatıb. Bu il hava şəraitinin əlverişli keçməsi və düzgün aqrotexniki qulluq nəticəsində rayonun 30-a yaxın kəndindəki xurma bağlarında bol məhsul yetişdirilib.
FED.az xəbər verir ki, Rayon Kənd Təsərrüfatı İdarəsindən bildiriblər ki, məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər olunub. Göyçayda mövcud olan 825 hektar barverən xurma bağından yığılan 25 min 400 ton məhsulun təxminən 80 faizi Rusiyaya ixrac edilib. Məhsulun bir qismi isə digər MDB ölkələrinin bazarlarına göndərilib. Xurma məhsulunun bağlardan toplanılması, qablaşdırılması, avtomobillərə yüklənilməsi və xarici ölkələrə daşınması prosesinə 600-dən çox rayon sakini cəlb olunub ki, bu da onların mövsümü işlə təmin edilərək qazanc əldə etməsinə səbəb olub.
Kəndlilər məhsulu öz həyətlərində müştərilərə münasib qiymətə, yəni bir kiloqramını 70 qəpiyə satıblar. Ötən il rayonda xurma bağlarından 21 min 600 ton məhsul toplanılıb. Bu il isə ötən ildəkindən 3 min 800 ton çox məhsul istehsal edilib.
Qeyd edək ki, göyçaylı fermerlər son illər rayonda xurma bağlarını xeyli genişləndiriblər. Cari ilin yazında rayonda 10 hektar sahədə yeni xurma bağları salınıb. Hazırda isə daha 15 hektar sahədə yeni bağın salınması üçün işlər görülür. Mütəxəssislər rayonda bu sahənin sürətlə inkişafının səbəbini məhsulun yerli və xarici bazarlara çıxarılması üçün lazımi şəraitin yaradılması, meyvənin saxlanılması üçün Göyçayda soyuducu anbar komplekslərinin fəaliyyət göstərməsi, eləcə də hazırda rayonda Xurma Qurutma Fabriki və Logistik Mərkəzin inşa edilməsi ilə əlaqələndirirlər.