2026-cı il iyulun 1-nə Azərbaycanda uçotda olan vergi ödəyicilərinin sayı 1 milyon 713.9 minə çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5.1% çoxdur. Vergi ödəyicilərinin 86.8%-i fiziki şəxslər, 13.2%-i isə hüquqi şəxslər və digər təşkilatlardır. İllik müqayisədə fiziki şəxslərin sayı 5%, hüquqi şəxslərin sayı isə 6.1% artıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Eyni tarixə qeydiyyatda olan kommersiya qurumlarının sayı 210.4 min təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6.8% çoxdur.
Bununla belə, kommersiya qurumlarının artım tempi əvvəlki illə müqayisədə zəifləyib. Belə ki, 2025-ci il iyulun 1-nə onların sayı illik müqayisədə 8.1% artaraq 197 minə çatmışdı. Hüquqi şəxslərin sayındakı artım tempi də 7.7%-dən 6.1%-ə enib, əvəzində vergi ödəyicilərinin ümumi sayında artım 4.8%-dən 5.1%-ə yüksəlib.
2026-cı il iyulun 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərinin 92.2%-i məhdud məsuliyyətli cəmiyyət (MMC) formasında fəaliyyət göstərib. Bu göstərici bir il əvvəl 91.7% idi ki, bu da MMC-lərin kommersiya hüquqi şəxsləri arasında payının artdığını göstərir.
2026-cı ilin iyun ayında 1 191 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 87.7%-i yerli, 12.3%-i isə xarici investisiyalı müəssisələr olub. Kommersiya qurumlarının 84.3%-i elektron qaydada qeydiyyata alınıb. Yanvar-iyun aylarında qeydiyyatdan keçən yerli investisiyalı MMC-lərin 97%-i elektron qeydiyyatdan istifadə edib.
Müqayisə üçün, 2025-ci ilin yanvar-iyun aylarında dövlət qeydiyyatından keçən 6 814 kommersiya qurumunun 88.9%-i yerli, 11.1%-i xarici investisiyalı olmuş, qeydiyyatların 85.3%-i elektron qaydada aparılmışdı. Həmin dövrdə yerli investisiyalı MMC-lər üzrə e-qeydiyyatın payı 96.6% təşkil etmişdi.















