Bu gündən Azərbaycanın bir sıra şəhər və rayonlarında yeni növ koronavirusa görə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq bəzi məhdudiyyətlər aradan qaldırılıb.
Eləcə də bax: Restoran sahiblərinə pis xəbər - ARA MƏSAFƏSİ TƏLƏBİ – AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 1-də qərar qəbul edib.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən:
- restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunub (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla).
- bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülüb.
- qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunub (ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla).
Bildirilib ki, xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti may 31-dək uzadılıb.
Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib. Məhdudiyyətlərin yumşaldılması mövcud sanitar-epidemioloji vəziyyət, xəstə sayı və yoluxma sürəti əsas götürülərək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçirilir.