BP Azərbaycandakı tərəfdaşları adından yerli biznesin inkişafını dəstəkləmək yönündə əməkdaşlığı davam etdirmək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə yeni anlaşma memorandumu imzalayıb.
FED.az xəbər verir ki, bu 2018-ci ildə imzalanmış ilk anlaşma memorandumu çərçivəsində KOBİA ilə səmərəli əməkdaşlığın davamıdır.
Məlumatda görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.
Yeni memorandum çərçivəsində KOBİA və bp ölkəmizdə sahibkarlığın dəstəklənməsini hədəfləyən layihələrdə birgə əməkdaşlıq edəcəklər.
İmzalama mərasimində çıxış edən Bəxtiyar Aslanbəyli qeyd edib ki, yeni anlaşma memorandumunu imzalamaqla yerli bizneslərin inkişafını dəstəkləmək yönündə səylərini davam etdirirlər: "Sahibkarlığın İnkişafı Proqramı layihəmiz yerli müəssisələrin potensialının artırılmasına çalışan bütün maraqlı tərəfləri bir araya toplamaqda uğurlu olub. Həqiqətən də, bu proqram yerli müəssisələrə beynəlxalq standartlara çatmaq və tədarük müqavilələri uğrunda rəqabət aparmaq üçün gözəl imkan yaradıb. Biz bu layihəni yekunlaşdırırıq və KOBİA ilə yeni birgə fəaliyyətə başlayırıq. Bu əməkdaşlıq vasitəsilə Sahibkarlığın İnkişafı Proqramının uğurunu daha da irəli aparmaq niyyətindəyik”.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, KOBİA mikro və kiçik sahibkarlığın inkişafı və onların dəstəklənməsi istiqamətində regionlarda müxtəlif qurum və təşkilatlarla birgə layihələr həyata keçirir. BP ilə əməkdaşlıq çərçivəsində reallaşacaq layihələr də regionlarda yerli icmaların gəlirlilik səviyyəsinin artmasına müsbət təsir göstərəcək, yeni bizneslərin yaranmasına və özünüməşğulluğa töhfə verəcək.
Tədbir çərçivəsində KOBİA və BP-nin dəstəyi ilə birgə həyata keçiriləcək iki yeni layihə barədə də məlumat verilib. Qeyd olunub ki, layihələrdən biri kənd yerlərində gənc sahibkarların inkişafına dəstək məqsədi daşıyır və Samux, Goranboy və Şəmkir rayonlarında həyata keçiriləcək. Layihə çərçivəsində aztəminatlı ailələrdən olan və sahibkarlığa maraq göstərən gənclər seçilərək onlara gələcək biznes fəaliyyətlərinə hazırlıq üçün təlim keçiləcək. Təlimləri uğurla başa vuracaq gənclərə kiçik bizneslərini qura bilmələri üçün lazımi avadanlıqlar veriləcək, onlara mentor dəstəyi göstəriləcək. Layihə “Kənd İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən icra olunacaqdır. Bu layihənin dəyəri 495 min manatdan çoxdur
Digər layihə isə Tovuz rayonunda aqroturizmin inkişafına dəstək məqsədi daşıyır. Layihə bu rayondan seçilmiş aztəminatlı ailələr üçün gəlir və məşğulluq imkanları yaratmağı nəzərdə tutur. Layihə çərçivəsində aqroturizmlə məşğul olan yeddi sahibkarlıq subyektinin işçi heyəti üçün təlimlər keçiriləcək, mentorluq dəstəyi göstəriləcək və həmin müəssisələr avadanlıqlarla təchiz olunacaq.
Bundan başqa, ehtiyac olduğu halda həmin sahibkarlıq obyektlərinin təmirinə də dəstək göstəriləcək. Layihə Regional İnkişaf İctimai Birliyi tərəfindən icra olunacaq. Layihənin ümumi dəyəri 100 min manat təşkil edir.