FED.az "Pıçıltı" mağazalar şəbəkəsinin rəhbəri Elmir Nəcəbovla müsahibəni təqdim edir.
-İnstagram paylaşımlarınızdan birində qeyd etmişdiniz ki, insan nə vaxt güclü olmağa məcbur olsa, həmin andan nə qədər güclü olduğunu anlayır. Siz nə zaman, necə anladınız güclü olduğunuzu?
-Belə deyim də, mən həmişə özümdən işlər qurub, işləyirdim. Atam nə qədər icazə verməsə də, məsələn, butulka yığıb satırdım. 5 – ci sinifə qədər məktəbə getdim, lakin sonra gedə bilmədim. Atama bazarda kömək edirdim yarmarkada paltar satırdıq. Dəsrlərə də imtahandan-imtahana, yoxlamalar yazmağa gedirdim. Sonra elə oldu ki, atam bir peşə ilə məşğul olmağımı istədi və bir maşın ustasının yanına göndərdi. Heç məndən soruşmadı ki, istəyirsən, ya istəmirsən. Rayon yerində bilirsiz də yəqin, ya bazarda işləyirsən, ya maşın ustası yanında. Bir müddət belə getdim. Başqa bir variantım da yox idi deyə öyrənirdim. 9 – cu sinifdə isə oxumaq qərarı aldım. Getdim, çox uğursuz oldu. İş tapa bilmədim, kirayə pulunu verə bilmədim, evdən atdılar. Məcburən bir kafedən xahiş etdim ki, günlük sadəcə kirayə pulumu və yeməyimi verin, işləyim yaya qədər. Yayda dərs filan yox idi, iş tapdım. Düşünürdüm ki, mənim istədiyim həyat bu deyil.
Eləcə də bax: Sıfırdan biznes quran qadınlar - 5 UĞUR HEKAYƏSİ
Mənim zamanında tanınan "pıçıltı" adlı səhifəm var idi instagramda. Bir parfüm şirkəti mənimlə əlaqə saxlamışdı ki, bizim məhsulumuzu Azərbaycanda satın. Mən düzü onları elə də ciddiyə almamışdım. İsrar edəndə, dedim yaxşı səhifədə paylaşaram. Paylaşdım və getdim işimi görməyə. Bir də telefonumu açdım ki, nə qədər insan bununla maraqlanır. Artıq ilk həftədən 65 sifariş aldım. Şok yaşamışdım və o zamandan sonra da işimi bu sahəyə yönəltdim.
-Bəs istədiyiniz həyatı əldə edənə qədər hansı mərhələlərdən keçməi oldunuz?
-Bir sinif yoldaşım var idi, o mənə universitetə hazırlaşacağını dedi. Sözün açığı mən universitetin nə olduğunu bilmirdim. Qohumlarda filan, çevrəmdə heç kimin universitet oxuduğunu görməmişdim. Mənə bir az danışdı universitetin nə olduğundan. Ən əsas isə Bakıda olduğunu dedi. Rayon uşaqları üçün də Bakı bir az əlçatmaz, yüksək yer olur. Elə Bakıda olduğu üçün də universitet məni çox cəlb etdi. Dedim mən də oxumaq istəyirəm. Həvəsli şəkildə gəldim evdə dedim universitetə hazırlaşmaq istəyirəm, atam da razı olmadı. Dedi ki, sən məktəbə aid heç nə bilmirsən. Vurma cədvəlindən başqa heç nə bilmirdim dərslə bağlı. Ona görə də atam qəti surətdə razı olmadı. Yol pulu verirdilər evdən mənə, mən də gizlincə onları yığırdım ki, hazırlıqlara gedim.
Eləcə də bax: “Bu üç səbəbə görə milyarder oldum” - QUBADAN OLAN MİLYARDER
-Necə çatdırırdınız həm işi, həm də sıfırdan dərslərlə məşğul olmağı?
-Balaca qardaşım aparıb dəftər kitabımı müəllimin evinə qoyurdu, mən də işdən çıxıb gəlirdim hazırlığa. Sonra hazırlıq müəllimlərinin sayını artırmalı oldum. Lakin maddi vəziyyətim imkan vermirdi. Sonra bir dəfə mal bazarına qohumumuza kömək etməyə getmişdim. Azərbaycanın da ən böyük mal bazarı Bərdədə yerləşir. Baxdım ki, burada hava istidir. Düşündüm ki, gəlim burada ayran satım. Başladım burada ayran satmağa və ilk dəfə orada ayranı mən satdım. Hazırlıqlarımın da pulunu artıqlaması ilə çıxarırdım. Hətta geyimlərimin də xərcini özüm qarşılayırdım. Evə möhtac olmurdum heç. 11 – ci sinifdə artıq atam da bildi universitetə hazırlaşdığımı. Bu müddətdə də maşın ustasının yanından çıxmalı oldum. Axır vaxtlar idi də. Çox oxumalı idim. İngilis dilindən, riyaziyyatdan mən teoremləri filan oxuyanda uşaqlar gülürdülər mənə oxuya bilmirəm deyə. 11 – ci sinifi bitirib, Milli Aviasiya Akademiyasına qəbul oldum. İllik 686 manat ödəniş idi. Hələ də yadımdadır. O zamanlar da anam ağır xəstə idi, maddi vəziyyətimiz yaxşı deyildi. Gəldim Bakıya, sinif yoldaşım da burada işləyirdi. Mən də indiki Bakı Mühəndislik Universitetinin tikintisində başladım fəhlə kimi işləməyə. Qohumlar da müəyyən qədər kömək etdilər illik ödənişi etdim. Xalamgil də Bakıda yaşayırdılar, onların evində qaldım. Sonra McDonald's-da işə düzəldim. 1 il yarım gecə növbəsində orada işləmişəm. Yay ayında da staja getdik. Baxırdım ki, bu yaşayışla mən ancaq öz həyatımı qurtara bilərəm. Yəni mən bununla ailəmə, yaxınlarıma kömək edə bilmərəm. 2 – ci kursun yayında universiteti dondurdum. YÖS ilə imtahan verdim, Türkiyə universitetinə qəbul oldum.
-Şirkətinizi digərlərindən fərqləndirən nələrdir?
-Mənim şirkətimi fərqləndirən əsas xüsusiyyət, araşdırmaçıyam, yenilikçiyəm, marketinqim çox güclüdür. Azərbaycandakı düz reklam anlayışından kənara çıxır mənim reklamım. Müştərilərin bəyənmədiyi nə varsa, dəyişirik, onların fikirlərinə önəm veririk. Ona görə də "Soel" parfümün 1 il ərzində 46 mağazası olub. Apardığımız fərqli marketinq siyasəti və qiymətimizə görə keyfiyyətimizin çox yüksək olması bizi fərqləndirən əsas xüsusiyyətlərdir. Hazırda Türkiyədə də, Azərbaycanda da, hətta Rusiyada mağazalarımız yaranır. Artıq Avropada da öz markamızı yaratmaq üçün müəyyən işlər görürük.
-Kitab yazmağa necə başladınız?
-Mən universitetlərdə konfranslarda çıxış edirdim, gənclər çox yazırdılar ki, necə əldə etmisiz uğurlarınızı filan. Mən də bir kitab yazmağa qərar verdim ki, bildiklərimin hamısını paylaşım. Öz həyatıma bənzətdim kitabı."Kanatlanmak senin elinde"... Uçurumun kənarına gəlmədən insan qanadlana bilməz.
-İş sahəsində uğurlu olmaq üçün hansı addımları atmaq lazımdır?
-İnsan özü üstündə işləməlidir. Bizim gənclər hazırda işsizlikdən şikayət edirlər. Azərbaycanda bu dəqiqə o qədər oyun zalları var. Bu yaşıma qədər bir dəfə olsun playstationa getməmişəm. Gənclər də bunun yerinə araşdırma edib görmək istədikləri işi tapsalar, belə olmaz. Mən Azərbaycanda bu qədər iş görürəm. Amma hələ də savadlı kadrlara o qədər ehtiyacım var ki. Hamının ətrafında diplomlu tanışları çoxdur. Amma savadı yoxdursa, kimə lazımdır onun diplomu?! İnanın bu dəqiqə təkcə marketinq kursuna gedib müəyyən işlər görmək potensialında olan adamlar var. Lakin özlərini inkişaf etdirmirlər. Mən özüm iş dünyasında uğurlu olan xeyli adamın kitablarını, fəaliyyətlərini oxumuşam.
-Ailəniz dəstək olub fəaliyyətiniz müddətində?
-Atam mənə heç bir şəkildə dəstək olmayıb. Əksinə həmişə mənim fikirlərimə qarşı olub. Özü də ticarətlə məşğul olub, işi batırıb, ona görə həmişə yox, lazım deyil, etmə deyirdi. Ticarətdə özü uğursuz olmuşdu deyə elə bilirdi məndə də elə olacaq. Birinci mağazamı açanda deyirdi ki, "nə edirsən mağazanı, ikinci mağazanı açanda, nə edirsən biri işləyir, üçüncüdə, nə edirsən e, ikisi işləyir də" deyirdi (gülür). Heç vaxt fikirlərimlə razılaşmırdı. Həmişə yolumdan qaytarmaq istəyib.
-İnsana da nəyi qadağan etsələr, ona daha çox meyilli olur (gülür)
-Bəli bəli. Bir şeyə fikir verirdim ki, atam nəyə narazılıq etsə, o iş uğurludur. Bir dəfə bir fikrimi bəyənmişdi, o işdə də uğursuz oldum (gülür).