Hökumətin yaratdığı imkandan istifadə edərək, şəxsi biznesini quranların arasında xanım sahibkarlar da var. Masallı rayon Təzə Alvadı kənd sakini Göyçək Ələsgərova bir müddət əvvəl biznes seminarlara qatılıb, layihələr işləyib. İndi isə öünə iş qurmaqla yanaşı, digər qadınların da məşğulluğunu təmin etmək barədə düşünür.
FED.az xəbər verir ki, G.Ələsgərova “ABAD”a müraciət edərək ət məhsulları istehsal etmək niyyətində olduğunu bildirib. “ABAD”ın beynəlxalq qurumlarla əməkdaşlığı çərçivəsində, BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə qadın sahibkara ət məhsullarının istehsalı üçün bütün zəruri avadanlıqlarla təchiz olunmuş monoblok-konteyner təqdim olunub.
G.Ələsgərovanın sözlərinə görə, ailəsi uzun illər maldarlıqla məşğul olub və onun bu işə uşaqlıqdan maraq göstərməyi heç də təəccüblü deyil:
“Rayonumuzda “Heydər Əliyev” mərkəzində “Qadın Resurs Mərkəzi” yaranan zaman oranın üzvü, daha sonra təşkilatçısı oldum. Orada bizneslə bağlı maraqlı təlimlər təşkil edirdik. Maldarlıqla bağlı layihə təqdim etdim, qaliblərdən biri seçildim. Buna çox sevinirəm”.
Xanım sahibkar deyir ki, qalib olandan dərhal sonra o, “ABAD”ın ət və süd məhsulları üzrə layihələr həyata keçirəcəyini öyrənib:
“Düzdür, bu günədək böyük həcmdə kolbasa istehsalı ilə məşğul olmamışam, lakin “ABAD”ın dəstəyi sayəsində çətinliklərin öhdəsindən gəlməyi düşünürəm. Mənə verilən konteynerdə yüksək keyfiyyətli məhsul hazırlamaq fikrindəyəm".
Qadın iş adamı hesab edir ki, yerli əhalinin onun hazırladığı kolbasalara etimadı çox yüksək olacaq:
"Çünki mən bazara ailəm üçün hazırladığım məhsulu təklif edəyəcəm. Mənim alıcılarım mənim ən qiymətli qonaqlarımdır. Onların qabağına qatqılı, mənşəyi bilinməyən bir məhsul əsla qoymaram”.
S.Ələsgərova gələcək planlarından ruh yüksəkliyi ilə danışır:
“Gələk üçün hədəflərim çox yüksəkdir. “ABAD”ın köməyi ilə gələcəkdə böyük bir kombinat tikib yaratmaq və qadınlar arasında məşğulluğun artırılmasına dəstək olmaq istəyirəm”.