Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri (AZEBİ) Gürcüstanın Biznes ombudsmanı İrakli Lekvinadze ilə görüşüblər.
AZEBİ-dən bildiriblər ki, Azərbaycan şirkətlərinin rəhbərləri son vaxtlar “Keşikçidağ” (Davit Qareci) Məbəd-Kompleksi ilə bağlı yaranmış vəziyyətin fonunda sosial şəbəkələrdə Gürcüstandakı Azərbaycan şirkətlərinə qarşı aparılan çirkin kampaniyadan narahatlıqlarını dilə gətiriblər.
Bildirilib ki, bu cür kampaniya şirkətlərin fəaliyyəti ilə yanaşı, ölkələrimiz arasındakı münasibətlərə də ziyan vurur. Bu, həm də, Gürcüstan iqtisadiyyatına və Azərbaycan şirkətlərində fəaliyyət göstərən işçilərə mənfi təsir göstərir.
Biznes ombudsmanı İ.Lekvinadze sosial şəbəkələrdə Azərbaycan şirkətlərinə qarşı aparılan kampaniya cəhdlərini müşahidə etdiyini və bundan narahatçılıq keçirdiyini vurğulayıb.
O deyib: “Azərbaycandan olan iş adamları Gürcüstan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırıblar. Azərbaycanlı iş adamları Gürcüstanda uğurla fəaliyyət göstərir və onlara qarşı bu cür kampaniyalar yolverilməzdir”.
“Biz Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinə hər zaman dəstək verməyə hazırıq” – deyə, biznes ombudsmanı vurğulayıb.
Görüşdə Azərbaycan tərəfdən AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin məsul əməkdaşı Levan Giorqadze, “Caspi Group LTD”dən Qaratel Allahverdova, “Azersun”dan Əlixan Əlizadə və başqaları iştirak ediblər.