Biznes inkişaf yazarı Nadir Adilmanın “Biznesdə Korporativ Sosial Məsuliyyət (KSM)” adlı yeni kitabının 4-ci nəşri çapdan çıxıb.
FED.az xəbər verir ki, kitab Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən 04/C-11011-20 nömrəsi ilə 13.02.2020-ci il tarixində qeydiyyata alınıb və 11473 №-li qeydiyyat şəhadətnaməsi müəllifə təqdim edilib.
Kitab təcrübəli biznesmenlər, davamlı inkişafını qarşısına məqsəd qoyan, markasına önəm verən sahibkarlar və eyni zamanda, gələcəkdə biznesmen olmaq istəyənlər üçün sadə və oxunaqlı üslubda yazılıb. Biznesə yanaşmada formalaşan ictimai rəydə şirkətlərin mənfəət və xərclərinə münasibətinin birmənalı olmadığını bildirən yazar qeyd edir ki, müasir dünyada öz markasına önəm verən şirkətləri Korporativ Sosial Məsuliyyət davranışı olmadan təsəvvür etmək mümkün deyil.
“Biznesdə KSM nədir?”, “Biznesdə KSM kimin üçündür?”, “Biznesdə KSM nə üçündür?” suallarına həm də praktiki misallarla aydınlıq gətirən Nadir Adilman dövlət şirkətlərindən “Azergold” QSC-nin təcrübəsinə müxtəlif rakurslardan baxaraq biznes sektoru üçün nümunələr təqdim edir.
Kitabın bundan öncəki 3 nəşri ilə tanış olan opponentlərin, biznes sektorunun təmsilçilərinin qeyd etdiyinə görə müəllif kitabı çox sadə və oxunaqlı üslubda oxuculara təqdim edir. Kitabın dili elmi və mürəkkəb ifadələrdən uzaqdır.
Kitabda eyni zamanda, daxili və xarici KSM-in PR-da rolu, KSM üzrə fəaliyyət prinsipləri, KSM üzrə fəaliyyət sahələri, KSM hədəf qruplarına toxunan müəllif ölkəmizin bzines sektorunun reallığı ilə də müqayisələr aparmağı unutmayıb.
Nadir Adilmanın fikrincə, mövcud pandemiya böhranından sonra biznes üçün ən önəmli məsələlərdən biri KSM olacaq. Çünki mövcud vəziyyət gələcək üçün yeni qayda və tələbləri diqtə edir ki, bu qaydalarda KSM təkcə marketinq və PR-ın deyil, şirkətin gəlirləri və xərclərində də özünə layiqli yer tutan alətlərdən biri olacaq. Müəllifin təsəvvürlərinə görə, ilk olaraq dövlət satınalmaları hesabına inkişaf edən şirkətlərdə KSM tətbiqetməsi normativ qaydalarla tənzimlənməli və məcburi xarakter almalıdır. Bunun üçün isə əvvəlcə cəmiyyət KSM-ə gedən yolda müəyyən bir mərhələni keçməlidir.
Müəllif kitabın yazılmasını öz KSM öhdəliklərinin icrası çərçivəsinə daxil edərək əsəri könüllü əsaslarla qələmə alıb və gəlir əldə etmir. Azfood.az İnformasiya Agentliyi öz tərəfdaşları ilə birlikdə öz KSM-lə əlaqədar maarifləndirmə işlərinə dəstək olmaq məqsədi ilə kitabın nəşrini və ödənişsiz yayılmasını həyata keçirir.
Kitabın rəyçiləri Əqli Mülkiyyət Agentliyinin Sədr müavini Sənan Tapdıqov, SOCAR-ın Baş ofisinin İnsan resursları depratamentinin rəisi Asif Bəkirli və ADNSU-nun müəllimi, Logistika və Təchizat Mərkəzinin rəhbəri Ruslan İmamquliyevdir
Qeyd edək ki, Dr. Nadir Adilman “Gəncsən? Başla!”, “Məqsədlisən?! “, “O Gələcək!”, “Könüllünün öz/əl kitabı” və bir çox bestseller siyahısına düşmüş və kütləvi tirajla nəşr edilən əsərlərin müəllifidir. Onun əsərləri təkcə ən çox satılanalar arasında deyil, həm də müəllifin KSM öhdəlikləri sırasında ən çox hədiyyə edilən kitablar sırasındadır.