"Bir çox bankın maliyyə durumu qısa müddətdə müsbətə doğru dəyişib”
“Sosial müavinət və əmək haqlarının artırılması dövlət üçün maliyyə yüküdür və bu, dövlət büdcəsində öz əksini tapıb. Biz, xərclərin təyinatının dəyişdirilməsi hesabına bu məsələlərin həllinə tam nail olmuşuq. Ona görə də burada əlavə hər hansı vəsaitə müraciət etməmişik”.
Eləcə də bax: İş adamları üçün yeni - VERGİ XİDMƏTLƏRİ TƏSDİQLƏNDİ – SİYAHI
FED.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov AzTV-nin “Günün Nəbzi” verilişində artırılan sosial müavinət və əmək haqlarının dövlət büdcəsinə mümkün təsirini şərh edərkən deyib.
Nazir bildirib ki, 10 min dollara qədər kredit borcu olan vətəndaşların vəsaitlərinin qaytarılması üçün atılan addımlar bank sisteminin sağlamlaşdırılması üçün əhəmiyyət kəsb edib:
“Hansı ki, bir çox banklar bu kreditləri problemli kredit kimi göstərirdilər. Problemli kredit olduğuna görə də, bu, onların kapitallarına mənfi təsir göstərirdi və kapital adekvatlıq əmsallarının aşağı enməsinə gətirib çıxarırdı. Bu isə onun yenidən bərpa olunmasına və bir çox bankların maliyyə durumunun qısa müddət ərzində müsbətə doğru dəyişməsinə gətirib çıxarıb”.
S.Şərifov qeyd edib ki, ölkə başçısının sosial sahədəki sərəncamları özəl sektorun da inkişafına müsbət təsir edir:
“Vergi Məcəlləsində edilən dəyişikliklər inqilabi addım idi. Hansı ki, qeyri-dövlət sektorunda çalışan və gəlirləri 8 min manata qədər olan şəxsləri gəlir vergisindən azad edirdi. Bu, dövlət büdcəsi gəlirlərini azaldan amil idi. Məqsəd o idi ki, kölgədə fəaliyyət göstərən sahibkarlar şəffaflaşsın. Biz indi bu tədbiri görməklə yanaşı, minimum əmək haqqını artırırıq. Sahibkarlara deyirik ki, biz sizə bu güzəşti etmişik, indi siz də çalışın ki, işçilərinizə daha yüksək əməkhaqqı verin. Öz işçilərinizə bu məbləğdən az maaş ödəyə bilməzsiniz”.