“Birinci milli “CEO Award Azerbaijan” müsabiqəsinin səsverməsi yekunlaşıb. Səsvermədə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən yüzdən artıq top-menecer iştirak edib. Eyni zamanda ilk dəfə olaraq bu cür müsabiqəyə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri qatılıblar."Caspian Energy Club" FED.az-a verilən məlumata görə Səsvermənin nəticəsinə görə 2021-ci il üzrə Azərbaycanın 25 ən tanınmış top-meneceri müəyyənləşib.
“Bu müsabiqəni bir neçə məqsədlə təşkil etmişik. Bir çoxumuzun şirkətlərin adları, onların məhsul və xidmətləri, həmçinin təqdim etdikləri brendlər haqqında məlumatı var. Lakin biz çox nadir hallarda biznes simalarını tanıyırıq. Buna görə top-menecerlərin və biznes sahiblərinin bu açıq səsvermədə iştirak etmələri olduqca vacib idi. Həmçinin müasir biznesmenlərin diqqətini sosial şəbəkələrdə aktivliyə yönəltmək istəyirdik. Çünki bu müsabiqədə məhz sosial şəbəkələrdə və KİV-də daha aktiv olan top-menecerlər qalib gəldilər”, - deyə Telman Əliyev bildirib.
Daha sonra Telman Əliyev qeyd edib ki, “Statistikaya nəzər yetirsəniz, görəcəksiniz ki, səsvərməyə əsasən müsabiqənin ilk iki həftəsində, ön sıralarda olan top-menecərlərin əksəriyyəti bəşəriyyətin gözəl hissəsi olan xanımlarımız idi. Ancaq səsvermənin son iki günündə, belə desəm, kişilər hücuma keçərək Azərbaycanın ən tanınan 25 top -meneceri sıralarında öz mövqelərini qorudular. Müsabiqə qaliblərinin demək olar ki, yarısının qadın rəhbərlər olması bizim üçün çox önəmli və vacibdir. “CEO Award Azerbaijan” müsabiqəsinin nəticələri müəyyən bir mesajdır, öz işini qurmaq niyyətində olan və sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olmaq istəyən qadınlar üçün motivasiyadır.”
Yalnız Azərbaycan brendlərinin iştirak etdiyi “Brand Award Azerbaijan”dan fərqli olaraq “CEO Award Azerbaijan”a yerli şirkət nümayəndələri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin top-menecrləri də qatıldılar. Həmçinin diqqətinizə çatdırmaq istəyirəm ki, aparıcı holdinq və iri şirkətlərin müəyyən sayda rəhbər və top-menecerləri bizim xahişimizlə gənc nəslin xeyrinə müsabiqədə iştirak etmədilər, kiçik və orta biznes nümayəndələrini dəstəklədilər. Onlar biznesin yeni ulduzlarının parlamasını, biznesdə tanınsalar da, geniş auditoriyaya hələ tanış olmayan yeni adların üzə çıxmasını istədilər. Bu təşəbbüsə görə iri biznes nümayəndələrinə minnətdarıq. Müsabiqə həqiqətən böyük maraqla qarşılandı. 13 mindən artıq səsverənin iştirakı həm biznesmenlərin, həm də əhalinin bu müsabiqəyə böyük marağının olmasından xəbər verir”, - deyə Telman Əliyev söyləyib.
“Gələn il “CEO Award” müsabiqəsini Qazaxıstan, Rusiya, Gürcüstan, Özbəkistan, Türkiyə, Ukrayna və bir sıra Avropa ölkələrində keçirməyi planlaşdırırıq. “Brand Award International” nümunəsində növbəti ilin sonunda “CEO Award International” müsabiqəsini təşkil edəcəyik”, - deyə o qeyd edib.
“Fəal iştiraka və səsverməyə görə bir daha hər kəsə təşəkkür etmək istəyirəm. Qalibləri təbrik edir və həmçinin müsabiqədə iştirak etmiş, lakin TOP 25-in siyahısına düşə bilməmiş tanınmış top-menecerlərə uğurlar arzulayıram. Əminəm ki, bu il ərzində sosial şəbəkələrdə və KİV-də daha fəal iştirak etmək imkanları olacaq və növbəti ildə qələbəni məhz onlar qazanacaqlar. Sizə bol şans diləyirəm. Ümid edirəm ki, sizin və biznesiniz uğurları təşkil etdiyimiz “Brand Award” və “CEO Award” müsabiqələrinin nəticələrində öz əksini tapacaq”, - deyə Telman Əliyev söyləyib.
Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühiti yaxşılaşdırmaqdan, həmçinin B2G, B2B və B2C formatlarında dialoqu stumullaşdırmaqdan və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakıda yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.