Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı biznesin maliyyələşdirilməsi bazarında mühüm yeni infrastruktur layihəsini istifadəyə verməyə hazırlaşır.
FED.az xəbər verir ki, AMB Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemini – MQRS-ni yaradıb və banklar, eləcə də bank olmayan kredit təşkilatları ilə sistemin test mərhələsinə başlayıb.
Mərkəzi Bankın məlumatına əsasən, sistem ilkin mərhələdə məhdud funksionallıqla işləyəcək. Bank və BOKT nümayəndələrinin iştirakı ilə keçirilən təqdimatda MQRS-in iş prinsipi, sistemdə toplanacaq məlumatların dairəsi və kredit təşkilatlarının reyestrə qoşulma mexanizmi müzakirə edilib. AMB eyni zamanda maliyyə təşkilatlarının sistemə inteqrasiyası üçün texniki spesifikasiya hazırlayıb və bazar iştirakçılarına müəyyən edilmiş müddətdə texniki hazırlığı tamamlamalarını bildirib.
Qekyd edək ki, bu sistem ilk növbədə faktoring və qaimə əsasında maliyyələşmənin inkişafı baxımından xüsusilə əhəmiyyətlidir. Bizneslər məhsul və xidmət satdıqdan sonra ödənişi müəyyən müddət sonra alırlarsa, bank və ya maliyyə şirkəti həmin qaiməyə əsasən şirkətə əvvəlcədən vəsait verə bilər.
Daha sadə desək, bizneslər alacaqları vəsaiti əsas gətirərək bank və BOKT-lardan qısamüddətli kredit cəlb edə bilirlər. Amma bu sahədə ciddi risklər də var. Bu bazarda əsas risklərdən biri eyni debitor borcunun və ya qaimənin müxtəlif maliyyə təşkilatlarına təqdim olunmasıdır.
Başqa sözlə, bir vəsaiti alacaq biznes təşkilatı həmin qaiməni bir neçə bank və ya BOKT-a təqdim etməklə eyni sənədlə bir neçə kredit cəlb edə bilər. Bu isə faktiki olaraq qanun pozuntsu və mənimsəmədir.
İndi isə yeni reyestrin, yəni vahid məlumat bazasının yaradılması belə risklərin müəyyənləşdirilməsini asanlaşdıra bilər. Bu, MQRS-in elan edilmiş funksiyasından çıxan praktik nəticədir.
Sistem xüsusilə kiçik və orta sahibkarlıq üçün maraqlıdır. Məsələ bundadır ki, kiçik və orta bizneslərin bir çoxunda əsas problem satış yox, satılmış məhsula görə ödənişin 30, 60 və ya 90 gün sonra alınmasıdır. Qaimələrin daha şəffaf və təhlükəsiz şəkildə maliyyələşdirilməsi bankların bu məhsula marağını artırarsa, müəssisələrin dövriyyə kapitalına çıxışı yaxşılaşa bilər.
MQRS-in real təsiri isə kredit təşkilatlarının sistemə tam inteqrasiyasından və bazarda faktoring məhsullarının genişlənməsindən sonra görünəcək. Hazırda layihə test və ilkin tətbiq mərhələsindədir.













