“Amazon” korporasiyasının sahibi Ceff Bezos şirkətin baş direktoru vəzifəsini 2021-ci ildə tərk edəcək və Direktorlar Şurasının sədri vəzifəsini tutacaq.
Eləcə də bax: Ceff Bezos "Amazon"un səhmlərini 10,3 milyard dollara satıb
FED.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti öz saytında bildirib.
“Təsisçi və icraçı direktor Ceff Bezos 2021-ci ilin üçüncü rübündə [Direktorlar Şurasının] sədri vəzifəsinə keçəcək, onun yerini Endi Cessi tutacaq”, - məlumatda deyilir.
Bezosun fikrincə, yaxşı maliyyə göstəriciləri və şirkətin dayanıqlı mövqeyi ona öz vəzifəsini dəyişməyə imkan verir. “Hazırda “Amazon”un yeniliklərinin ən yüksək səviyyədə olduğunu görürəm və bunun sayəsində belə bir dəyişiklik üçün doğru vaxt gəlib”, - mətbuat xidməti baş direktorun sözlərini sitat gətirir.
“Forbes” jurnalının məlumatına görə, Bezos hazırda dünyanın ən zəngin insanıdır. Şirkət səhmlərin 11%-nin sahibi olan Bezosun varidatı $196,2 milyard həcmində qiymətləndirilir. Bundan əlavə, Bezos “Blue Origin” adlı özəl aerokosmik şirkətin əsasını qoyub, ABŞ-ın “The Washington Post” qəzetinin sahibidir. (Qafqazinfo)