Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) yanğından mühafizə fəaliyyəti sahəsində müvafiq llisenziya almış müəssisələrdə lisenziyanın şərtlərinə riayət olunması, həmçinin müəssisələrin gördüyü işlər və göstərdiyi xidmətlərə mütəmadi nəzarət edir.
FED.az xəbər verir ki, Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı “Yanğınsöndürmə ləvazimatlarının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növü üzrə lisenziyaya malik olan
“Arsenal Yanğınsöndürmə Sistemləri” və “MARZ”,
həmçinin “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri” fəaliyyət növü üzrə lisenziyaya malik “Teltron”, “Atro Net”, “GSS Azerbaijan”, “Gold Construction 2020” Məhdud Məsuliyyətli cəmiyyətlərinin,
eyni zamanda “Avtomatikaquraşdırma” ASC-nin qeyd olunan fəaliyyət növləri üzrə lisenziyaların şərtlərinə əməl etmədiyi aşkar olunub.
Belə ki, keçirilmiş yoxlamalar zamanı müəyyən edilib ki, sözügedən müəssisələr fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisasa malik mütəxəssislərlə və işçi heyətlə, müvafiq sertifikata malik cihaz, avadanlıq və texniki qurğularla işlərin görülməsi üçün maddi-texniki baza ilə təmin olunmayıb.
Qeyd olunanları nəzərə alaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü bəndinə əsasən, aidiyyəti üzrə qaldırılmış vəsatətlər nəticəsində yanğından mühafizə fəaliyyəti üzrə lisenziyanın şərtlərinə riayət etməyən adı çəkilən müəssisələrin müvafiq lisenziyaları ləğv olunub.