«Bazarstore» marketlər şəbəkəsi ötən həftə Bayıl və Sumqayıtda yeni mağazalar açaraq şəbəkəyə daxil olan mağazaların sayını 51-ə çatdırıb.
FED.az xəbər verir ki, bu, şəbəkənin Sumqayıtda açdığı sayca 3-cu mağazadır və sahəsi min kvadratmetrdir.
Eləcə də bax: “Bazarstore”un gəlirləri kəskin artıb, xalis zərəri azalıb
Mağazalar şəbəkəsinin rəsmisi Günay Məhəmmədova FED.az-a bildirib ki, Bayılda başqa mağazalar şəbəkəsi olmadığından və ərazidə yaşayan insanların mağazaya ehtiyac olduğundan «Bazarstore» növbəti mağazanı burada açmağı qərara alıb.
Qeyd edək ki, «Bazar Store» ilin əvvəlindən indiyədək 4 yeni mağaza açıb. Sumqayıt və Bayıldan əlavə bura Cəlilabad, Mingəçevirdəki mağazalar da aiddir. Yeni açılan mağazalarda 5 gün endirim kampaniyaları keçirilir.
Günay Məhəmmədovanın sözlərinə görə, 51 mağazadan 21-i bölgələrdə, 30-u paytaxtdadır. Bazar Storenin Bakı və Sumqayıtdan başqa Gəncə, Şəki, Zaqatala, Mingəçevir, Lənkəran , Masallı, Cəliləbad, Sabirabad, Bərdə və İmişli rayonlarında fəaliyyət göstərir. Yeri gəlmişkən, coğrafi yayılma vəziyyətinə görə, «Bazarstore» digər rəqəbi «Bravo»dan qabaqdadır. «Bravo»nun 36 mağazasından yalnız biri regionda, Gəncədədir.
Şəbəkənin ən bəyük mağazası «Xətai Bazar Store»dir. Bu dükanın sahəsi bir neçə dəfə genişləndirilib və hazırda ümumi sahəsi 2 min kv metrdən çoxdur.
Günay Məhəmmədovanın sözlərinə görə, ilin sonunadək «Bazarstore»nin yeni mağazaları da aılacaq: «Çox vaxt müştərilərimiz bizə yazırlar ki, bu yerdə da «Bazar Store» açın. Çoxları hətta məhlələrində boş olan yerləri də təklif edirlər ki, orada mağaza açaq».