Azərbaycanın aparıcı ticarət şəbəkələrindən biri olan «Bazarstore» burada «Bütöv kənd toyuğu» adı ilə satılan toyuq məhsullarının əslində Belarusun broyler toyuğu olması ilə bağlı yayılan məlumatlarla aydınlıq gətirib.
Eləcə də bax: «Belarusun broyler toyuqları «Bazarstore»da «Bütöv kənd toyuğu» adı ilə satılır»
Şirkətdən FED.az-a verilən açıqlamada sözügedən toyuqların Belarusdan idxal olunduğu təkzib edilmir, bununla yanaşı bildirilir ki, sözügeən məhsullar broyler deyil, kənd toyuğudur.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) üzvlərinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə görüşündə “Qaraqaşlı Broyler”in təmsilçisi V.Hüseynov “Bazarstore” marketlər şəbəkəsində satılan 800 qramlıq toyuqların fotolarını nümayiş etdirərək həmin toyuqların Belarusdakı broyler müəssisəsinin istehsal edildiyini, onların aylıq istehlak müddətinin bitməsinə cəmi 1 ay qaldığını bildirmişdi.
«Bazarstore» ticarət şəbəkəsinin baş direktoru Burhan Sevahil FED.az-a bildirib ki, haqqında danışılan sözügedən “Bütöv kənd toyuğu” məhsullarını “Bazarstore” MMC birbaşa özü idxal etmir, müvafiq mülki-hüquqi müqavilə əsasında digər bir şirkətdən satın alır.
«Həmin şirkət tərəfindən bizə təqdim edilmiş sənədlərə (məhsulların istehsal olunduğu ölkədə istehsal sertifikatı, AQTA sertifikatı, istehsal olunduğu ölkədə qüvvədə olan müvafiq standartlar) əsasən qeyd etməliyik ki, adı çəkilən məhsullar “Qaraqaşlı Broyler”in təmsilçisi V.Hüseynovun iddia etdiyi kimi “broyler” toyuğu deyil, məhz “kənd” toyuğudur. Üstəlik məhsulların idxalına AQTA tərəfindən icazə verilmişdir. Bu o deməkdir ki, həmin məhsulların tərkibində hər hansı təhlükəli maddə və ya xəstəlik riski olmayıb. Təmsilçinin digər bir iddiasına cavab olaraq bildiririk ki, məhsulların son istifadə tarixləri saxlama temperaturundan asılı olaraq, -12 C dərəcədə 8 ay, -18 C dərəcədə 12 ay, -25 C dərəcədə isə 14 aydır».
Ticarət şəbəkəsi dediklərinə sübut kimi, məhsulun istehsalına dair sertifikatın surətini, məhsulun AQTA sertifikatının surətini və məhsulun istehsal ölkəsində qüvvədə olan dövlət standartları da təqdim edib.