“Bazaar mall” istifadəyə verildi - 200-dən çox rəf və mağaza fəaliyyət göstərəcək
"Gəncə Qalası" ticarət mərkəzinin "Bazaar mall" hissəsinin açılışı baş tutub. FED.az xəbər verir ki, açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, "Gəncə Qalası" ticarət mərkəzinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk "Gəncə Qalası" ticarət mərkəzinin açılışı və Novruz bayramı münasibətilə təbrik edib.
"Gəncə Qalası" ticarət mərkəzinin açılışı münasibətilə tədbir iştirakçılarına əyləncəli şou-proqram təqdim olunub.
Daha sonra "Bazaar mall"a tanışlıq baş tutub. "Gəncə Qalası" ticarət mərkəzinin bu hissəsində kənd təsərrüfatı məhsullarının satışı həyata keçiriləcək. Burada 200-dən çox rəf və mağaza fəaliyyət göstərəcək. "Bazaar mall"ın mərkəzi hissəsində 140 rəf meyvə və tərəvəz, 30-a yaxın rəf isə ağartı məhsullarının satışı üçün ayrılıb. Burada 30 ət dükanı və 20-yə yaxın müxtəlif növ mağaza mövcuddur.
"Bazaar mall"un daxilindəki "Sehrli təndir" adlı çörək dükanında ənənəvi təndir çörəyi ilə yanaşı, Gəncə kətəsi və müxtəlif növ şirniyyatlar alıcılara təqdim olunur. Burada "Nargilə" adlı ailəvi kafe, gül və sənətkarlıq dükanları mövcuddur.
Alıcıların rahatlığını təmin etmək üçün "Bazaar mall"un zirzəmi (-1) hissəsində 150-160 avtomobillik dayanacaq inşa edilib. Yuxarı mərtəbəyə qalxmaq üçün lift və eskolatorlar quraşdırılıb.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə burada Novruz yarmarkası da təşkil olunub. Yarmarkada müəyyən olunmuş münasib qiymətlərlə məhsullar sakinlərə təqdim olunur. Yarmarka aprel ayının 1-dək davam edəcək.
Məlumat üçün bildirək ki, burada 600 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Hazırda 300 nəfər işlə təmin edilib ki, onlar arasında da üstünlük şəhid ailələri və qazilərə verilib.
Xatırladaq ki, "Gəncə bazarı", yaxud "kolxoz bazarı" adı ilə tanınan bazar müəyyən səbəblərdən sökülüb və yerində Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yeni müasir standartlara cavab verən ticarət mərkəzi inşa edilb.















