Banklarda problemli müştərilərlə bağlı «qara siyahı»ların olması və belə müştərilərə kreditdən imtina edilməsi biznesin işinə mane olur.
Bu barədə FED.az-a iş adamı, təmir tikinti ilə məşğul olan «M-Qrup» şirkətinin sahibi Emil Ağayev bildirib.
«Əsas problemlərdən biri banklarla bağlıdır. Məsələ ondadır ki, devalvasiya dövründə bəzi şəxslərin problemli kreditləri yarandığı üçün onlar bankların «qara siyahı»sına düşüblər. Nəticədə belələri indi normal ödəniş qabiliyyətli olsa da banklardan kredit ala bilmir».
Bu həm özünə iş qurmaq və biznesini genişləndirmək istəyən iş adamlarına, həm də müştərilərə təsirini göstərir. Müştərilərin kredit götürə bilməməsi onların məhsul almaq istədiyi şireətlərin də biznesinə təsirini göstərir.
Təmir-tikinti fəaliyyəti ilə məşğul olan E.Ağayev bildirib ki, indi müştərilərin əksəriyyəti təmri işlərini kreditlə almaq istyirlər: «Müştərilərin 70-80 faizi bizə müraciət edəndə ilk sual olaraq kredit mövcuddurmu soruşur. Hətta əlində pul olanlar da xidməti nağd qiymətə deyil, kreditlə almağa üstünlük verirlər. Amma onların bir hissəsi «qara siyahı»da olduğuna görə kredit götürə bilmir və nəticədə şirkətə də problem yaranır. Şirkət bu sifarişi itirir».
E.Ağayev bildirir ki, məsələnin maraqlı tərəfi ondadır ki, müştərilərin bir hissəsi qara siyahıya devalvasiyaya görə düşüblər. Bu hadisənin isə onlardan asılı olmaması artıq təsdiqlənib: «Banklar heç olmasa, «devalvasiyaya görə bu siyahıya düşənlərə güzəşt etməlidirlər».