Balakən rayonunda KOB dostu fəaliyyətə başlayıb. Bununla da Şəki-Zaqatala iqtisadi rayonu üzrə KOB dostlarının sayı 5-ə çatıb.
FED.az xəbər verir ki, KOB dostu Balakən və ətraf rayonlarda yeni KOB subyektlərinin yaranmasına və biznesin inkişafına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına, maraqlarının müdafiəsinə dəstək göstərəcək, biznes fəaliyyəti barədə məlumatlandıracaq.
Balakəndə KOB dostunun fəaliyyətə başlaması ilə əlaqədar iyunun 7-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilən tədbirdə sahibkarların biznesin qurulması və inkişaf etdirilməsi sahəsində ehtiyaclarına dair fikir və təklifləri dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev rayonda biznes fəaliyyəti barədə məlumat verib, KOB dostunun rayonda mikro, kiçik və orta biznes subyektlərinin inkişafına dəstək olacağına əminliyini qeyd edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən KOB dostu mexanizmi barədə danışıb. Qeyd olunub ki, hazırda ölkənin 41 şəhər və rayonunda KOB dostu ofisləri fəaliyyət göstərir. Balakən KOB dostu rayonun iqtisadi potensialından maksimum istifadə etməklə dövlət dəstəyi mexanizmləri çərçivəsində sahibkarlığın inkişafına və yeni KOB subyektlərinin yaranmasına, onların maraqlarının müdafiəsinə dəstək olacaqdır. Sahibkarlar Balakən KOB dostları ilə fəal əməkdaşlığa dəvət edilib.
Sonra Balakən KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib, sahibkarlar KOB dostunun fəaliyyət göstərəcəyi ofislə tanış olublar. Digər KOB dostu ofislərində olduğu kimi, Baləkən KOB dostu ofisində də sahibkarlara xidmət göstərilməsi, onlarla görüşlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Burada “KOB könüllüləri” də fəaliyyət göstərəcək.
Balakənə səfər çərçivəsində KOBİA nümayəndələri alkoqolsuz içkilər, quru meyvə, meyvə şirələri, kompot və mürəbbə istehsalı ilə məşğul olan “Balacans” MMC-yə məxsus müəssisədə olub, istehsal prosesi ilə tanış olub, sahibkarın ehtiyacları ilə maraqlanıblar.