Qafqaz regionunun ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC (bundan sonra “BSC” və ya “Qrup”) 2022-ci il üzrə maliyyə və digər əsas fəaliyyət göstəricilərini* açıqlayıb.
“Baku Steel Company” QSC-də qanvermə aksiyası keçirilib - FOTOLAR
FED.AZ xəbər verir ki, Qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarında aktivləri 2022-ci ildə, əvvəlki illə müqayisədə, 11% artaraq 262,7 milyon manata, kapitalı isə 82,3% artaraq 87,7 milyon manata çatıb.
Qrupun 2022-ci il üzrə xalis mənfəəti, 2021-ci illə müqayisədə, 7,5% artaraq 71,6 milyon manata bərabər olub.
BSC-nin həm istehsal, həm də satış rəqəmlərində də artım qeydə alınıb. Belə ki, 2022-ci il üzrə satışlar 30,5% artaraq 392,9 milyon manata (ƏDV-siz) çatıb. Xam polad istehsalı – pəstah 26,5%, armatur və polad məftil istehsalı isə 35,5% artıb. Boru istehsalı üzrə artım daha çox – 36,8%-ə bərabərdir. Şirkət tərəfindən 2022-ci ildə 362 min ton pəstah, 314 min ton armatur və polad məftil, 26 min ton boru istehsal edilib.
İstehsal və satışda artımın məntiqi nəticəsi olaraq, BSC-nin həm işçi sayı, həm də dövlət büdcəsinə ödənilmiş vergiləri də öz növbəsində artıb. İşçi sayı, ötən illə müqayisədə, 168 nəfər artaraq 2022-ci ilin sonuna 1902 nəfər təşkil edib.
Ötən il ərzində Qrup dövlət büdcəsinə 65,3 milyon manat vergi və sosial sığorta ödənişləri həyata keçirdib.
Xatırladaq ki, BSC, Azərbaycanın ən böyük istehsalçılarından biri kimi, yüksək keyfiyyətdə armatur, katanka, kvadrat və dairəvi pəstahlar, tikişsiz borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Burada, həmçinin şveller, künclüklər, ikitavrlar, kvadrat və dairəvi çubuqlar da hazırlamaq mümkündür. 20 ildən artıq fəaliyyəti dövründə, nəinki Azərbaycanın, bütün regionun tanınmış brendinə çevrilən BSC-nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı, Avropa, Amerika və Asiyanın, ümumilikdə, 20-dən çox ölkəsinə ixrac olunub.
* hesabata keçid https://www.bakusteel.com/az/kemvhh/