Bakının məşhur ticarət mərkəzlərindən biri, son bir neçə ilədək demək olar istifadəsiz qalan, sonra isə «Paşa Holdinq» tərəfindən əldə edilən «Şərq Bazarı» mayın 28-də fəaliyyətə başlayacaq.
Eləcə də bax: Bakının məşhur «Şərq Bazarı» ticarət mərkəzi belə olacaq – TEZLİKLƏ AÇILIR - FOTOLAR
FED.az xəbər verir ki, yeni obyekt «Şərq bazarı» ticarət komplekesi kimi işləyəcək. İşləri «Paşa Holdinq»ə daxil olan «PMD Project» inşaat şirkəti aparır.
«PMD Projects» ticarət mərkəzinin yenidən qurulması üçün beynəlxalq memarlıq müsabiqəsi elan edib və burada qalib gələn “Reflect Architects” şirkəti «Şərq bazarı»nın konseptual bərpa layihəsini hazırlayıb.
Burada ticarət mərkəzinin tarixi və görünüşü saxlanılmaqla yenilənmə işləri aparılır.
Bazarın orijinal təyinatı – yəni bazar olması ilə yanaşı, burada müasir tələblərə uyğun yeni iaşə məkanlarının – restoranların açılması gözlənilir. Bazarın nəzdində ədviyyat, quru meyvələr, təbii təbabət və kənd təsərrüfatı məhsulları, suvenir mağazaları, yarmarkalar, kiçik və böyük həcmlərdə dulusçuluq, papaqçılıq, xalçaçılıq kimi emalatxanalar, şərq üslübunda hamam, milli restoran, kafelər və s. obyektlər planlaşdırılır.
Kompleksin günbəzlərindən birinin altında «Food court» yemək meydançası da yerləşəcək. Bazar ərazisi konseptual olaraq bir-birindən fərqlənəcək üç hissəyə bölünür.
Qeyd edək ki, keçmişin, bu günün və gələcəyin irsini əks etdirən «Şərq bazarı» 1982-ci ildə memarlar P.İ. Yarinovski və U.V. Revazov layihəsi əsasında tikilib. 2001-ci ildə Nazirlər Kabinetinin qərarı ilə respublikanın tarix və memarlıq abidələri siyahısına daxil edilib.
Eyni zamanda bu obyekt Azərbaycan tarixində şərqin ən böyük memarlıq mükafatı olan “Ağa Xan” memarlıq mükafatına namizəd olan ilk layihədir.