İqtisadiyyat Nazirliyi Bakı şəhəri, Nəsimi rayonu C.Hacıbəyli və A.Bakıxanov küçələrinin kəsişməsində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxana kompleksinin "Tik-idarə et-təhvil ver" modeli çərçivəsində həyata keçirilməsi ilə əlaqədar müsabiqə elan edib.
FED.az xəbər verir ki, müsabiqə proseduru Azərbaycan Prezidentinin 07.12.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən "Tik-idarə et-təhvil ver" modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası"nın tələblərinə uyğun keçiriləcəkdir.
Başqa sözlə, yataqxananı inşa edən şirkət həm də onun idarəçiliyi ilə məşğul olacaq. Bu, Azərbaycanda ilk dəfə tətbiq ediləcəak.
Müsabiqədə iştirak etmək istəyən namizəd şirkətlər müsabiqə komissiyasına ərizə ilə müraciət edərək müsabiqə şərtləri əks olunmuş sənədlər toplusunu 01.08.2018-ci il tarixədək həftənin iş günləri saat 900-dan 1800-dək Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət evi (Əlaqələndirici şəxs: Quliyev İlkin, telefon:(+99412)493-88-67, daxili:2284, otaq 629) ünvanından əldə edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən namizəd şirkətlər müsabiqə təklifləri və özü haqqında məlumat formalarını dolduraraq imzalamalı, möhürlə təsdiq etməli, surətini çıxararaq əslini və surətini iki ayrı-ayrı zərfə qoyub zərfləri möhürləməli (zərflərin üzərində əsli və ya surəti ilə bağlı qeydlər edilməlidir) və təqdim edilməli sənədlərlə birlikdə bir zərfə yerləşdirməlidirlər. Sənədlər Azərbaycan dilində (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır) təqdim edilməlidir.
Namizəd şirkətlər yuxarıda göstərilən sənədləri 03.09.2018-ci il saat 1700 -dək AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət evi (otaq 629) ünvanına təqdim etməlidirlər.
Zərflər 04.09.2018-ci il saat 1100-da Bakı şəhəri, Ü.Hacıbəyli, 84, Hökumət evi (otaq 627) ünvanında açılacaqdır. Göstərilən vaxtdan gec daxil olan təkliflərə baxılmır, həmçinin müsabiqə sənədlərinin rəsmiləşdirilməsi qaydalarına əməl etməyən iştirakçılar müsabiqəyə buraxılmırlar.
Müsabiqə zamanı qalib şirkətin seçilməsi üçün aşağıdakı meyarlardan istifadə olunacaqdır:
• Təklifin qiyməti;
• Namizəd şirkətin ixtisas göstəriciləri;
• Ən ucuz xidmət haqqı;
• Ən az idarəetmə və təhvilvermə müddəti.
Namizəd şirkətlərdən daxil olan zərflərin açılışında namizəd şirkətin vəkaləti əsasında onların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.
Zərflər qeydiyyata alınma tarixinə uyğun olaraq ardıcıllıqla açılacaqdır.
Müsabiqənin qalibi ilə 5 iş günü ərzində müqavilə imzalanacaqdır.