Bakıda Rusiya Sənaye və Ticarət Nazirliyi və “Rusiya İxracat Mərkəzi” (REC) SC-nin təşkilatçılığı ilə iki gün davam edəcək işgüzar missiya fəaliyyətə başlayıb.
Eləcə də bax: Zəngilanda "ağıllı kənd" yaradılması işləri başa çatır - NAZİR MÜAVİNİ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, missiyada Azərbaycan tərəfdən 36 şirkət və idarə, Rusiya tərəfdən isə 31 şirkət iştirak edir. Rusiyalı iştirakçılar “Ağıllı şəhər” formatlı şəhərsalma ilə bağlı məhsul və xidmətlərini təqdim edirlər.
“İşgüzar missiya çərçivəsində iki ölkə şirkətləri arasında 150-dən çox ikitərəfli görüş keçirilməsi nəzərdə tutulur. REC qrupu bizim ixracatçıların Azərbaycandakı layihələrini dəstəkləməyə, onların həyata keçirilməsi üçün ən əlverişli həll variantlarını təqdim etməyə hazırdır. O cümlədən “RosEximBank” da əcnəbi müştərilərə birbaşa kreditlər, xarici müştərilərin banklarına kreditlər, ixracat gəliri girovu müqabilində debitor borclarının maliyyələşdirilməsi kimi maliyyə dəstək alətlərini təklif edir”, – "RosEximBank” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov tədbirin açılışında bildirib.
Xatırladaq ki, KOBİA ilə REC Azərbaycan ilə Rusiya arasında kiçik və orta sahibkarların qarşılıqlı ixracat əməliyyatlarında dəstəklənməsinə dair Anlaşma Memorandumu imzalanıb. Hazırkı işgüzar missiya Rusiya ixracatçılarının imkanlarını Azərbaycanda tanıtdırmaq istiqamətində REC tərəfindən həyata keçirilən silsilə tədbirlərdən biridir. Bu ilin iyul ayında keçirilmiş işgüzar görüş zamanı Rusiyanın 11 ən böyük şirkəti məhsullarını təqdim etmişdi.