Bakıda “Rebuild Karabakh”, “BakuBuild 2021”, “Aquatherm Baku 2021” sərgiləri başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, sərgilərdə dünyanın 17 ölkəsindən 279 şirkətin məhsullarını nümayiş etdirir.
“Rebuild Karabakh” sərgisi həm yerli, həm də xarici şirkət və strukturların marağını cəlb edib. Almaniya, Gürcüstan, İsrail, Macarıstan və Türkiyədən 5 milli pavilyon 1-ci “Rebuild Karabakh” sərgisinə qatılıb. Milli pavilyonlar ölkələrinin ticarət və sənaye palatasının dəstəyi ilə təşkil edilir. İştirakçılar arasında bir çox Azərbaycan dövlət strukturları və özəl şirkətlər var.
Sərginin ekspozisiyasına təhlükəsizlik, hasilat sənayesi, səhiyyə, informasiya texnologiyaları, təhsil, qida sənayesi, kənd təsərrüfatı, inşaat, yol tikintisi və infrastruktur, nəqliyyat, turizm və mədəni irs, enerji, ekologiya sahələri daxildir. Sərgidə “yaşıl enerji”, “ağıllı kənd” layihələri, işğaldan azad edilmiş ərazilərdə yerləşən su və su qurğuları, onların bərpası, mühafizəsi və səmərəli istifadəsi üçün planlaşdırılan layihələr, yeni hava limanları və bir çox başqa layihələr də yer alır.
Ənənəvi “BakuBuild” sərgisi pandemiya səbəbiylə bir illik fasilədən sonra daimi iştirakçılarını itirərək deyil, həm də yeni şirkətlər əlavə edərək fəaliyyətinə start verib. İstehsalçılar, distribüterlər, konsaltinq şirkətləri və inşaat sektorunda xidmət göstərən şirkətlər də daxil olmaqla Azərbaycan şirkətləri sərgi iştirakçılarının 40 faizini təşkil edir. Bu il Belarus, İran, Çexiya, BƏƏ, Türkiyədən 5 milli pavilyon, habelə Rusiya Federasiyasından 8 regional qrup, Bryansk, Lipetsk, Novosibirsk, Rostov, Yaroslavl, Stavropol, Tatarıstan, Çuvaşiya regional qrupları iştirak edir.
Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu” sərgisində hava təmizləyiciləri, kondisionerlər, radiatorlar, ventilyasiya sistemləri, istilik sistemləri, istilik izolyasiya materialları, hamam və jakuzi, saunalar, hovuzlar, qızdırıcılar, kompressorlar, soyuducular, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, fitinqlər, boru kəmərləri, nasoslar, soyuducular, günəş enerjisi və sair kimi sektorlar təqdim olunur.
Sərgi oktyabrın 22-dək davam edəcək.