Bu ilin dekabrında Bakıda «Marketinq Sammiti 2018» keçiriləcək. Bu barədə FED.az-a tədbirin təşkilatçısı olan COMUNİCAL şirkətindən məlumat verilib.
Məlumatda deyilir: Son illərdə ölkəmizdə marketinq, biznesin inkişafı, marketinq kommunikasiyaları sahəsində ciddi inkişafa, tendensiyaların surətli dəyişiminə şahid olmaqdayıq. Əlbəttə ki, bütün bu proseslər gözlənilən və eyni zamanda müasir bazar iqtisadiyyatının tələbi kimi də diqqətimizi çəkməkdədir.
Hər il ölkədə ixrac potensialından düzgün istifadə etmək, dövlətin yaratmış olduğu şəraitdən səmərəli yararlanmaq və xarici bazarlarda sağlam mövqe tutmaq üçün müxtəlif təlim, seminar və digər tədbirlər keçirilməkdədir. Bu zaman nələrə diqqət etmək, hansı standartları tətbiq etmək lazımdır?
Bundan başqa ixrac siyasətinin düzgün strateji planlamasının aparılması, marka siyasətinin daha doğru və sağlam qurulması kimi aktual mövzular da meydana gəlməkdədir. Təbii ki, iqtisadiyyatın inkişafında enerji, logistika, turizim, istehsalat kimi platformalar önəmli rol oynamaqdadır.
Məhz bu ilin Dekabr ayında təşkil olunacaq “Marketinq Sammiti 2018- Gün var əsrə bərabər” tədbiri yerli iş adamlarının maarifləndirilməsi üçün gözəl bir platforma olacaqdır. Dövlətin strateji yol xəritəsinin əsas cizgilərinə uyğun olaraq logistika, enerji, turizim sahəsində müasir trendlərə uyğun olaraq mövzuların və eyni zamanda «Made in Azerbaijan» brendinin formalaşdırılması imkanlarının müzakirəsinin aparılacaqdır. Tədbirdə spiker qismində Azərbaycandan, Türkiyədən, Gürcüstandan dəvət olunacaq mütəxəssislər regionun 3 dost ölkəsi arasında həyata keçirilən ticari əməkdaşlıqlardan, ölkələrdə tətbiq olunan dijital platformalardan söhbət açacaqlar.
Azpromo, Azərbarbaycan Dəmir Yolları, RayCrea, EasyMark şirkətlərinin birlikdə dəstəyi ilə təşkil olunacaq tədbirdə əsas hədəf beynəlxalq təcrübənin yerli biznes mühitinə adaptasiyasını təmin etmək və inkişafa birlikdə nail olmaqdır.
“Marketing Summit 2018” layihəsinin təşkilatçısı olan COMUNİCAL şirkətinin rəhbəri, marketinq kommunikasiyaları üzrə mütəxəssis Tural Abbaslı hazırlıqla bağlı öz fikirlərini bildirdi: “Təşkil olunacaq marketinq sammiti 2018 layihəsi müasir marketinq trendlərinin ölkəmizdə adaptasiyası üçün səmərəli olacağına əminəm.
Artıq bir çox işlər tamamlanmışdır. Spikerlərin seçimi tamamlanmış, tədbirin keçiriləcəyi yer haqqında müzakirələr tamamlanmışdır. Belə ki, artıq 22 Dekabrda “Marketing Summit 2018” təşkilat komandası öz qonaqlarını Bakı Biznes Mərkəzində qarşılamağa hazırlaşır. Təşkilat komitəsinin sədri Easymark şirkətinin rəhbəri Eyyub Qarabağlı, digər üzvlər isə Seymur Quliyev və Qələndər Məmmədli olaraq qəbul olunmuşdur.”
Ümid edir və inanırıq ki, qarşıdakı illərdə Azərbaycanın biznes mühitində markalaşma, brend siyasəti, marketinq kommunikasiyaları istiqamətində yerli sahibkarlarımızla sinerji effektinə nail olaraq milli iqtisadiyyatımızın inkişafına hər zaman birlikdə tövhə verəcəyik”!