Vyana şəhərində Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 9-cu iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Avstriyanın iqtisadiyyat və rəqəmsallaşdırma üzrə federal nazirin müavini Matias Çirf görüşüblər.
Bildirilib ki, ötən il ikitərəfli ticarət həcmində artım müşahidə olunsa da, mövcud dövriyyə iki dövlətin iqtisadi potensialına cavab vermir.
Toplantıda iştirak edən Avstriya şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirməyə maraq göstəriblər və bu ilin may ayında Bakıda iki ölkənin özəl sektor nümayəndələrinin iştirakı ilə biznes-forumun təşkil olunması qərara alınıb.
İclasda Azərbaycan tərəfindən iqtisadiyyat, xarici işlər, gənclər və idman, kənd təsərrüfatı və energetika nazirliklərinin yüksək səviyyəli nümayəndələri sahəvi məsələlər barədə çıxış ediblər.
Həmçinin, iclas çərçivəsində Bakı şəhərinin Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə (EXPO 2025) ev sahibliyi üçün namizədliyi ilə bağlı xüsusi təqdimat keçirilib.
İclasın sonunda imzalanan protokolda iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.