15 noyabr 2022-ci il tarixində Bakıda “İnvestorlar üçün ilkin layihə hazırlanması” mövzusunda treyninq keçirilmişdir.
FED.az xəbər verir ki, təlim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə tərəfdaşlığı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən icra olunan “KOB-lara P2P üzrə investisiya mənbələrindən istifadənin öyrədilməsi” adlı layihə çərçivəsində reallaşmışdır.
Tədbiri giriş sözü ilə KOBİA-nın nümayəndəsi Sabir Zeynallı açmışdır. Daha sonra İRÖİB-in sədri, layihə üzrə təlimçi, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev sahibkarlara Azərbaycanda mövcud olan P2P (investor və təşəbbüskarın tərəfdaşlığı) maliyyə mənbələri haqqında, dövlət və özəl investisiya şirkətləri barəsində məlumat vermiş, investisiya layihəsinin yazılması qaydası üzrə təlim keçmişdir. Daha sonra iştirakçılar qruplara ayrılaraq öz ideyalarını praktiki olaraq hazırlayıb təqdimatını həyata keçirmişdilər. Sonra İqtisadi Resurların Öyrənilməsi İctimai Birliyinin icraçı direktoru, layihənin rəhbəri və maliyyə üzrə təlimçi Qafqaz Qəhrəmanlı isə layihə formasının smeta (büdcə) hissəsi mövzusu üzrə çıxış etmiş və büdcənin tərtibini praktiki şəkildə izah edərək iştirakçılarla birlikdə nümunələr üzərində işləmişdir.
20-yə yaxın şəxsin olduğu tədbirdə əsasən sahibkarlar, yeni iş qurmaq istəyən təşəbbüskarlar və tələbələr iştirak etmişdir. Tədbirin sonunda Gəncliyə Yardım Fondu tərəfindən tədbir iştirakçılarına nahar təqdim olunmuşdur.