Bakıda keçirilən "İnsan Resursları Forumu 2016"da iştirak üçün 450-dən artıq şirkətdən 1 500-ə qədər müraciət daxil olub. Fed.az xəbər verir ki, bunu Forumun açılışında çıxış edən "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov deyib.
M.Rüstəmovun sözlərinə görə, müraciət edənlərin yalnız 350-si qeydə alınıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev isə bildirib ki, BMT Azərbaycanı yüksək rifah olan ölkələr siyahısına aid edir: "Əgər 1995-ci ildə dövlət sektorunda işləyənlərin sayı 56% idisə, 2016-cı ildə bu rəqəm 25% azalıb. Hazırda iqtisadi fəal əhalinin 51,1%-i kişilər, 48,9%-i isə qadınlardır".
Nazir müavini deyib ki, bu ilin 10 ayında 11 min nəfərə işsizlik statusu verilib: "İqtisadiyyatda baş verən proseslər son 10 ayda tikinti sektoruna təsir edib. Bu müddətdə tikinti sektorunda 4 minə, maliyyə və sığorta sektorunda isə 2 minə qədər şəxslə əmək müqaviləsinə xitam verilib. Son 10 ayda 195 min iş üçün müraciət edib, onların 53 mini işlə təmin edilib, 11 min nəfərə isə işsizlik statusu verilib".