Bu gün Bakıda “Boulevard Hotel Baku” otelində ilk dəfə olaraq 1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri “AdPrint 2018” və 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları “Gift & Promo Fair 2018” sərgiləri işinə başlayıb. FED.az xəbər verir ki, yeni sərgi layihələri reklam aləminin bütün müxtəliflikləri və sürətlə dəyişən təmayülləri ilə tanış olmağa kömək etməklə yanaşı, suvenir bazarının inkişafı barədə də əyani təsəvvür formalaşdırır. Bu il sərgilərdə dünyanın 9 ölkəsindən 26 şirkət iştirak edir.
Sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən rəsmi olaraq dəstəklənirlər. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.
Reklam və Çap İşləri Sərgisi
“AdPrint 2018” sərgisində Azərbaycan, Rusiya və Yaponiyanın aparıcı şirkətləri reklam işini bütün növ və müxtəliflikləri ilə təqdim edəcək. Sərgi çərçivəsində yerli şirkətlər öz stendlərində dünyada məşhur olan türk, alman, italyan və çin brendlərini nümayiş etdirəcəklər.
Təqdim edilən məhsul və xidmətlər arasında skanerlər, mətbəə və poliqrafiya xidmətləri üzrə proqram təminatı Flexi Capture, IT-texnologiyaları, ofset və rəqəmsal çap üçün peşəkar avadanlıqlar və “3D” formatlı çap aparatları, tekstil avadanlıqları, suvenirlər, “POS” və reklam materialları, eləcə də təşviqat məhsulları, peşəkar çap avadanlıqları və bir sıra digər materiallar yer alır.
“AdPrint” sərgisi yeni tərəfdaşları cəlb edərək bazarı təhlil etmək üçün çox səmərəli vasitəyə çevrilməklə yanaşı, reklam və çap məhsullarının istehsalı sahəsində innovativ məhsul və xidmətlərin nümayiş olunduğu unikal platforma funksiyasını yerinə yetirəcək.
Hədiyyələr və Promo Məhsulları Sərgisi
1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları “Gift & Promo Fair 2018” sərgisi müxtəlif kateqoriyalarda suvenirlərin geniş çeşidini təqdim etməklə yanaşı, hədiyyəlik məhsullar, interyer əşyaları, qab-qacaq, bayram məhsulları, biznes-suvenirlər, korporativ hədiyyələr, zərgərlik əşyaları və s. bu kimi məhsulların istehsalı sahəsində qlobal inkişafı əks etdirir.
Debüt edən “Gift & Promo Fair 2018” sərgisində Azərbaycan, Almaniya, İndoneziya, Qazaxıstan, Çin, Rusiya və Ukraynanı təmsil edən şirkətlər iştirak edir. Bir sıra iştirakçılar birbaşa sərgidə “master-klaslar” (ustad dərsləri) keçəcək.
Keçiriləcəyi 3 gün ərzində iştirakçılar öz təşviqat məhsullarını, eləcə də hədiyyələr və dəri məhsullarını (qovluqlar, qutular, çantalar, cüzdanlar və s.), o cümlədən suvenir əşyaların bütün növlərini və toxuculuq mallarını (qısaqol idman maykaları, kepkalar, gödəkcələr, şərflər, bayraqlar və s.) təqdim edəcəklər. Sərgidə ziyarətçilər işgüzar hədiyyələr, orijinal əl işləri və korporativ hədiyyələr üzrə eksklüziv həll variantları ilə tanış ola bilərlər.
İşgüzar proqram
Sərgiləri interaktiv işgüzar proqram müşayiət edəcək. Belə ki, sərginin ilk iş günündə eksponentlər və potensial sifarişçilər arasında heç bir vasitəçi olmadan işgüzar danışıqlar aparmaq və sıx əlaqələr qurmaq üçün “B2B” formatlı görüşlər təşkil ediləcək. Sərginin ikinci iş günündə də iştirakçı şirkətlər və onların potensial sifarişçiləri arasında görüşlər keçiriləcək, lakin bu görüşlərin formatı bir qədər fərqli olacaqdır - bu görüşlər çərçivəsində müxtəlif səpgili müzakirələr aparılacaq, çıxış edənlər isə məhz sifarişçilər olacaqdır. Sözügedən müzakirələr zamanı sifarişçilər təşviqat məhsulları təklif edən şirkətlər ilə bağlı gözləntilərindən, eləcə də hansı məhsullara olan tələbatın təklifləri üstələdiyindən danışa biləcəklər. İştirakçılar isə bu müzakirələr çərçivəsində ən yaxşı ideyaları səsləndirməklə yanaşı, münasib qiymətə ən yaxşı keyfiyyəti təklif etmək imkanı qazanacaqlar. Bu qəbildən olan müzakirələr bazarın inkişafına, habelə iştirakçılar arasında qarşılıqlı fayda verən möhkəm əlaqələrin qurulmasına şərait yaradacaq. Həmçinin bu sərgidə ilk dəfə olaraq promo-geyimlər də nümayiş etdiriləcək. Bu cür moda nümayişi geyimlərin istehsalı və brendinqində şirkətlərin keyfiyyət və imkanlarının ziyarətçilərə əyani şəkildə nümayiş etdirilməsinə kömək edəcək.
Ziyarətçilər üzrə loyallıq proqramı
Təşkilatçılar bu sərgi mövsümündə sərgi ziyarətçiləri üzrə yeni loyallıq proqramına start veriblər. Bu proqram ziyarətçilərə sərgi iştirakçılarının məhsul və xidmətlərini xüsusi endirimlə əldə etməyə imkan verəcək. Loyallıq proqramında iştirak edən və öz məhsul və xidmətlərini xüsusi endirimlə təklif etməyə hazır olan şirkətlərin siyahısı ilə sərgilərin veb-saytlarında tanış olmaq və ya həmin siyahını qeydiyyat masasından əldə etmək mümkündür.
Sizi maraqlandıran məhsulu endirimlə əldə etmək üçün sərgini ziyarət etmək və üzərində ziyarətçi kodu olan “beyc”i (ziyarətçi nişanını) əldə etmək lazımdır. Daha sonra veb-saytdakı naviqasiya menyusunda “Ziyarətçilər üzrə loyallıq proqramı” variantını seçmək və sərgidə aldığınız “beyc”in (ziyarətçi nişanının) üzərində qeyd edilmiş kodu daxil etmək lazımdır. Həmin kodu daxil etdikdən sonra sizin e-poçtunuza vauçer göndəriləcək və siz məhsul və ya xidməti əldə edərkən, bu vauçeri çap edilmiş formada və ya qacetinizdə təqdim etməlisiniz. Alış zamanı vauçerin təqdim edilməsi məhsul və ya xidməti xüsusi endirimlə almağa imkan verəcək. Endirimlər sərginin açılışından etibarən 6 ay müddətində etibarlıdır.
Beləliklə, tanınmış brendlərin və yeni ticarət markalarının təqdimatı, zəngin marketinq məlumatları, tərəfdaşlar ilə işgüzar ünsiyyət və nəhayət, bayram abu-havası üçün “AdPrint 2018” və “Gift & Promo Fair 2018” sərgilərini ziyarət etmək kifayətdir! Daha ətraflı məlumat, loyallıq proqramı, eləcə də sərgiyə elektron dəvətnamə veb-saytda yerləşdirilib: www.adprint.az www.giftfair.az.