"AzAbrau” şirkəti (Rusiyanın “Abrau-Durso” şirkətinin törəməsi) Azərbaycanda şərab istehsalı ilə yanaşı, şərab turizmi və enoqastronomiya sahəsində layihələri inkişaf etdirməyi planlaşdırır.
Rusiya şirkəti “Səki Şərab” zavoduna 6 milyon avroya yaxın - PUL YATIRACAQ
FED.az xəbər verir ki, bunu “Abrau-Durso”nun prezidenti Pavel Titov deyib.
““AzAbrau” şərab turizmi mərkəzi Şəkidə yaradılacaq. Burada interaktiv muzey kompleksi, müxtəlif turizm marşrutları olacaq, bütün ərazilərdə irimiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçiriləcək”, - deyə o, bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib.
Titovun sözlərinə görə, 2023-cü ilin əvvəlində Bakıda “1870 Abrau-Durso Wine&Food” konseptual restoranının açılması planlaşdırılır.
“Bu restoran “Abrau-Durso” və “AzAbrau”nun şərab kolleksiyasının təqdim olunacağı restoran və şərab butikinin unikal birləşməsi olacaq”, - deyə “Abrau-Durso”nun prezidenti vurğulayıb.
Xəbər verildiyi kimi, “Abrau-Durso” Şirkətlər Qrupunun törəmə müəssisəsi olan “AzAbrau” MMC 2021-ci ilin dekabr ayında “Şəki Şərab” MMC-nin dövlətə məxsus payının satışı üzrə investisiya müsabiqəsinin qalibi olub. Müəssisə ildə 2,6 milyon şüşə şərab istehsal etmək imkanına malikdir.
Müəssisə 2008-ci ildə açılıb.
“AzAbrau” MMC premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır. Şirkət yaxın perspektivdə üzüm bağlarının salınmasını da nəzərdə tutur.
Əsası 2006-cı ildə qoyulmuş Şəki şərab zavodu Çələbixan qəsəbəsində yerləşir. Zavodun nizamnamə kapitalı 4,5 milyon manatdır.
Rusiyada köpüklü şərab istehsalı üzrə lider olan “Abrau-Durso” şirkətinin məhsulları 20-dən çox ölkəyə ixrac edilir. Şirkət biznes-ombudsman Boris Titovun ailəsinə məxsusdur. “Abrau-Durso” PSC-nin səhmləri Moskva birjasında dövriyyədədir. (İnterfaks-Azərbaycan)