Bakıda Düyü Festivalının açılış mərasimi keçirilib.
FED.az xəbər verir ki, Pakistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən festival iki ölkə arasında diplomatik münasibətlərinin 30 illiyi münasibətilə təşkil olunan tədbirlər sırasına daxildir.
Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün yeni sahələr tapmağa çalışdıqlarını deyən Pakistan səfiri Bilal Haee düyü ixracatında dünya liderləri arasında olduqlarını, Azərbaycan tərəfinə də yüksək keyfiyyətli düyü tədarük etməyə hazır olduqlarını diqqətə çatdırıb.
Səfir bildirib ki, festival çərçivəsində iş adamları və düyü istehsalçıları arasında B2B görüşləri keçiriləcək.
İqtisadiyyat nazirinin müşaviri Məsim Məmmədov Azərbaycan ilə Pakistan arasında hərtərəfli iqtisadi əməkdaşlıqdan danışıb, bununla belə tərəflərin ticarət dövriyyəsini daha da artırmaqda, iqtisadi əlaqələri şaxələndirməkdə maraqlı olduqlarını söyləyib. (Report)