Ötənilki «sarımsaq bumu» fermerləri böyük ziyana salıb
Azərbaycanda sarımsağın qiymətindəki ötənilki bahalaşmadan sonra bu sahəyə axın edən fermerlərin əksəriyyəti zərərlə üzləşib.
Bu barədə FED.az-a sarımsaq əkini ilə məşğul olan fermerlər bildirib.
Göyçaydan olan fermer Xurşud Qasımovun FED.az-a verdiyi məlumata görə keçən il sarımsağın qiymətinin yüksək olması onu bu il sarımsaq əkməyə həvəsləndirmişdi. Xatırladaq ki, ötən il ölkədə həm sarımsağa tələbatın artması, həm də müəyyən qıtlığı nəticəsində qiymətlər həddən artıq yüksəlmiş və 5-6 manat, hətta bəzən 10 manata qalxmışdı.
Bunları nəzərə alaraq bir neçə hektar sahədə sarımsaq əkən X.Qasımov təqribən 50 ton məhsul əldə etsə də, qiymətlərin kəskin azalması ona gözlədiyi gəliri gətirməyib: «Ötən il 5-6 manata satılan sarımsaq bu il məhsul bolluğu nəticəsində 80-90 qəpiyə düşüb».
Yer gəlmişkən, ötən il sarımsağın qiyməti o qədər yüksək olub ki, hətta bu vaxta qədər kənd təsərrüfatı ilə məşğul olmayan adamlar da, sarımsaq əkməyə başlayıblar. Bunlardan biri İsmayılov İsmayıl sarımsağın yüksək qiymətini görərək bu sahəyə yatırım etməyi qərara alıb. O FED.az-a bildirib ki, bu məqsədlə Bakıda məşhur ticarıt mərkəzlərinin birindəki mağazasını satıb, eləcə də əlində olan vəsaitləri sərf edərək, Göyçayda 3 hektar ərazidə sarımsaq əkib. Buradan 20 tona yaxın məhsul əldə etsə də, İ.İsmayılov onu sata bilməyib: «İlk dəfə idi ki, bu sahə ilə məşğul olurdum, bundan əvvəl ticarətlə məşğul idim. Ötən il sarımsağın qiyməti yüksək idi – 3-10 manat arasında. Mən də qərara gəldim bu sahəyə yartırım edim. Amma məhsul yığımından sonra qiymətlərin kəkin azalması baş verib. Sarımsağın kiloqrammı 50 qəpik – 1,5 manatadək azalıb. Nəticədə iş adamı azı 25 min manat zərərə düşüb.
İndi İ.İsmayılov ümidini Rusyadakı tanışlarına bağlayıb və sarımsaqları qonşu ölkəyə ixrac etmək hazzında düşünür. Yeri gəlmişkən Rusiyanın ayrı-ayrı əyalətlərində sarımsağın qiyməti 100-200 rubl və ya 2,5-5 manat arasında dəyişir.
Göyçayda sarımsaq biznesində «yanan» iş adamlarının sayı az deyil, hətta 100 ton məhsul götürərək sata bilməyən sahibkarlar da var. Amma onlar geniş məlumat verməkdən imtin edirlər.
Rayonda sarımsaq biznesidə baş verənlərdən icra hakimiyyətinin də xəbəri var. Göyçay Kənd Təsərrüfatı İdarəsinin əməkdaşı Elçin İsmayılov FED.az-a bildirib ki, problemi həll etmək üçün müəyyən tədbirlər görülür: «Rayonda tədarük,alqı-satqı məntəqələri vasitəsi ilə bu problemin aradan qaldırılması üçün müəyyən işlər həyata keçiilir».
Fermerlərin əlində qalan sarımsaqların əsas alıcısı bir qədər əvvəl kənd təsərrüfatına dəstək məqsədilə yaradılan «Ərzaq Məhsullarının Tədarükü» ASC ola bilərdi. ASC-dən təsdəqliyiblər ki, burada fermerlərin məhsullarını dövlət ehtiyacları üçün almağa hazırdırlar. Belə ki, indii bu təşkilat 2 minə yaxın dövlət qurumunun ərzağa olan tələbatını ödəmək üçün yerli məhsul alır. Amma bunların arasında sarımsağın payı çox azdır.
ASC-nin nümaynədəsi Nicat Nəsirov FED.az-a bildirib ki, sarımsağa dövlət tələbatı o qədər də böyük deyil və 2017-2018-ci il mövsümündə cəmi 48 ton olub: «Doğrudur, bu il üçün sifarişlər hələ toplanır və son rəqəm məlum deyil, amma çox güman ki, bu ilki, sifariş də ötənilkindən çox da fərqlənməyəcək».