Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Caspian House” MMC-yə məxsus mebel sexində yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb.
“Love City” kafesinin fəaliyyəti- DAYANDIRILDI - FOTO - VİDEO
Bu barədə FED.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, obyektdə həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik xətləri yanar materialların üzəri ilə çəkilib. Bundan başqa, obyekt ərazisində yanğın su hovuzu mövcud deyil, ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib, təxliyə planı mövcud deyil.
Qeyd edilib ki, obyektdə layihədən kənar taxta və polietilen materiallarla arakəsmələr quraşdırılıb, boya sexi havalandırma sistemi ilə təchiz edilməyib, mebel sexində taxta konstruksiyalı rəflər odadavamlı məhlulla hopdurulmayıb, sexin ətrafı yanar tullantılardan və quru otlardan təmizlənməyib, obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, icbari qaydada sığortalanmayıb.
Həmçinin obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
"Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Caspian House” MMC-yə məxsus mebel sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - deyə məlumatda qeyd edilib.