Dekabrın 16-da Hindistanın yüksək keyfiyyətli məhsul və xidmətlərinin, o cümlədən hədiyyələr və əl işləri, ev dekorasiyaları, tekstil, geyim, zərgərlik və kosmetika əşyaları, hind yeməklərinin və s. nümayiş etdirildiyi “Böyük Hindistan” sərgisi açılıb.
FED.az xəbər verir ki, Şərq Bazarında təşkil olunan sərgini Hindistanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar açıq elan edib. Diplomat Hindistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələrə əsaslanan sıx və dost münasibətlərdən danışıb. “COVID ilə bağlı məhdudiyyətlərin tədricən yumşaldılmasından sonra işgüzar əlaqələrimizin səviyyəsi də güclü şəkildə artır. 2022-ci ilin yanvar-oktyabr aylarında ikitərəfli ticarət dövriyyəmiz ötən ilin eyni dövrü ilə müqayisədə 184,3 faiz artaraq 1,767 milyard ABŞ dolları səviyyəsinə çatıb. Bu dövrdə Hindistan İtaliya, Türkiyə və Rusiyadan sonra Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı olub”, - deyə Vinay Kumar bildirib.
Müvəqqəti işlər vəkili, həmçinin qeyd edib ki, Azərbaycan Hava Yolları tərəfindən Bakı ilə Dehli, eləcə də Bakı ilə Mumbay arasında birbaşa reyslərin açılması insanlar arasında əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verib.
“Azərbaycan tədricən hindistanlı turistlər üçün əsas turizm məkanına çevrilir. Daha da çox hindistanlı turistin Azərbaycana gəlməsi ilə Hindistan hazırda Rusiya, Türkiyə və İrandan sonra Azərbaycan üçün dördüncü ən böyük turist mənbəyinə çevrilib”, - deyə Vinay Kumar əlavə edib. Diplomat bildirib ki, Azərbaycanla müxtəlif sektorlarda əməkdaşlıq üçün geniş imkanlar var, çünki Azərbaycan Hindistan məhsulları üçün yaxşı imkanlar təklif edir.
Sərgi dekabrın 26-na kimi davam edəcək, giriş pulsuzdur.
Ziyarətçilər, həmçinin canlı mahnı və rəqs ifalarından həzz ala, eləcə də sərgi zalında xına (Mehndi) stendlərini ziyarət edə biləcəklər.