Bu gün Bakıda Beynəlxalq "Marketinq Sammiti" keçirilir.
FED.az xəbər verir ki, "Marketinq Sammiti" layihəsinin keçirilməsində əsas məqsəd lokal marketinq ilə qlobal marketinqin inteqrasiyası və dövlətin "Strateji Yol Xəritəsi"ndə vurğulanan marketinq, menecment, insan kapitalının inkişafı siyasətinə özəl sektorun dəstəyinin nələrdən ibarət olmasının qarşılıqlı müzakirə edilməsidir.
Bildirilib ki, sammit biznesin inkişafına istiqamətlənmiş qlobal tədbirdir və bu ilki sammit regionun 3 dost ölkəsini Azərbaycanda cəmləşdirir. Tədbir qarşıdakı illərdə Azərbaycanın biznes mühitində markalanma, brend siyasəti, marketinq kommunikasiyaları istiqamətində yerli sahibkarlarla sinerji effektinə nail olaraq milli iqtisadiyyatın inkişafına töhfə verəcək.
Tədbir zamanı Azərbaycan, Gürcüstan və Türkiyədən olan 7 spiker destinasiya marketinqi, elektron ticarət, logistika, dijital marketinq və brendinq kimi vacib mövzular haqqında fikirlərini bölüşəcəklər.
Sammit gələcək illərdə də "Strateji Yol Xəritələri"nə görə fəaliyyətini davam etdirəcək.
Tədbirdə AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib ki, bu tədbir zamanı aparılan müzakirələr, fikir mübadiləsi zamanı yeni ideyalar yaranacaq və bu da növbəti illərdə matketinq sahəsində yeni trendlərin yaranmasına dəstək olacaq.
Qeyd edək ki, "Marketinq Sammiti" layihəsinin təşkilatçısı Azərbaycanda marketinq, marketinq kommunikasiyaları, bazar araşdırmaları kimi xidmətlər təqdim edən COMUNICAL şirkətidir.