Azərbaycanda premium markaların sahiblərinə xidmət göstərəcək Jaguar Land Rover markalarının qabaqcıl satış və xidmət mərkəzi tikiləcək. FED.az xəbər verir ki, mərkəzi «Jaguar Land Rover»in pərakəndə satışını həyata keçirən “Avtolüks Azərbaycan” təsis edəcək.
Eyni anda 15 avtomobil qəbul edə biləcək yeni servis mərkəzində Jaguar Land Rover-in orijinal ehtiyat hissələri də satılacaq. Yeni avtomobillərin satış salonu birinci mərtəbədə yerləşəcək. Binanın ikinci mərtəbəsində isə Jaguar Land Rover-in təsdiqlənmiş ikinci əl avtomobillərinin satış salonu fəaliyyət göstərəcək.
İkinci mərtəbədə yerləşən müştəri otaqlarında, istirahət zonası, zəruri aksesuarların nümayiş sahələri və onlayn olaraq arzu olunan virtual modeli faktiki olaraq yaratmağa imkan verən konfiqurator zonası fəaliyyət göstərəcək.
Artıq mərkəzdə ilk modellərin hansı olacağı dəqiqləşib – bunlar Jaguar XJ, Jaguar XE və Jaguar XF modelləridir. Bu modellərlə yanaşı, mərkəzdə Jaguar markasının ilk tam yolsuzluq avtomobili olan məşhur Jaguar F-PACE SUV və Jaguar-ın ilk kompakt yolsuzluq avtomobili olan Jaguar E-PACE də nümayiş etdiriləcək. Burada Jaguar-ın idman avtomobili – möhtəşəm F-TYPE modeli də yer alacaq.
Land Rover-in satış salonunda isə Range Rover Evoque, Range Rover Velar, Range Rover Sport və Range Rover modelləri nümayiş olunacaq.
Yeni və ya ikinci əl avtomobil olmasından asılı olmayaraq, alınan hər bir avtomobil üçün kompleks xidmət müqavilələri bağlanılacaq.
Jaguar Land Rover-in təsdiqlənmiş avtomobillərinə müştəri məmnuniyyətini təmin etmək və bütün narazılıqları aradan qaldırmaq məqsədilə uyğunlaşdırılmış uzunmüddətli zəmanət paketləri tətbiq ediləcəkdir.