Bu gün Bakıda kənd təsərrüfatı üzrə Azərbaycan-Türkiyə biznes-forumu işə başlayıb.
FED.az xəbər verir ki, tədbirdən əvvəl kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlama verib.
O, biznes-forumun türk iş adamlarını Azərbaycanın aqrar sektoruna cəlb etmək məqsədi daşıdığını bildirib.
Nazirin sözlərinə görə, ötən gün Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə keçirdiyi görüşdə iki ölkə arasında əməkdaşlıq üçün bir sıra prioritet istiqamətlər müəyyən edilib: “Xüsusilə fındıqçılıq və pambıqçılıqda məhsuldarlığın artırılması, müasir texnologiyaların Azərbaycana transferi, innovasiyaların tətbiqi ilə bağlı müzakirələr apardıq. Həmçinin aqrar sığorta sahəsində Türkiyənin təcrübəsini nəzərdən keçirdik. Hazırda Türkiyə və digər dövlətlərin təcrübəsini nəzərə almaqla aqrar sığortaya dair yeni qanun layihəsi hazırlanır. İşlər yekunlaşdıqdan sonra onun tətbiqi ilə bağlı qərar qəbul ediləcək".