7-ci Beynəlxalq “Caspian Energy Forum Baku – 2018”də dünyanın 50 ölkəsindən 1500-dən artıq deleqat iştirak edəcək. FED.fə xəbər verir ki, bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Caspian Energy Forum Baku – 2018” sentyabrın 19-20-də Azərbaycan Respublikası Hökumətinin və Caspian European Club-un dəstəyi ilə təşkil olunacaq.
“Caspian Energy Forum Baku – 2018”in deleqatları sırasında Azərbaycan Hökumətinin üzvləri, Avropa, Asiya və Amerika ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin ərəb dünyası ölkələri şirkətlərinin nümayəndələri də yer alıblar.
Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə keçirilən “Caspian Energy Forum” biznes-hökumət dialoqunun fəallaşması, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin yaranması, transmilli şirkətlərlə kiçik və orta biznes nümayəndələrinin görüşlərinin təşkili, həmçinin qlobal biznes əməkdaşlığında maraqlı olan investor, ekspert və analitiklər üçün münbit şərait yaradan ənənəvi meydandır.
Telman Əliyev əlavə edib ki, tədbirin proqramı, iştirakın şərtləri ilə bağlı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün http://caspianenergyforum.com/baku2018/index.php/en/ linkinə daxil olmaq lazımdır.