Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib.
FED.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri", "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Lift Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri", "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində İşıqlandırma Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri", "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri" təsdiq edilib.
Bu müəssisələrin nizamnamə kapitalı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində müvafiq olaraq mənzil-kommunal, lift, işıqlandırma və yaşıllaşdırma təsərrüfatı sahələrində xidmət göstərən qurumların əmlakı hesabına formalaşır.
Bakı Şəhər İcra Hakimiyyəti üç ay müddətində tabeliyində olan mənzil-kommunal, lift, işıqlandırma və yaşıllaşdırma təsərrüfatı sahələrində xidmət göstərən qurumların əsasında MMC statusunda müvafiq olaraq Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin, Lift Təsərrüfatı Müəssisəsinin, İşıqlandırma Təsərrüfatı Müəssisəsinin və Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsinin yaradılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməli, müəssisələrin nizamnaməsinin hazırlanmasını təmin etsinlər və müvafiq qaydada təsdiq edilməsi üçün zəruri tədbirlər görməli, müəssisələrin strukturunu və ştat vahidlərini təsdiq edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti müəssisələrin işçilərinin aylıq vəzifə maaşlarının məbləğini dövlət büdcəsindən maliyyələşdirilən sahələr üçün müəyyən edilmiş Vahid Tarif Cədvəlinə uyğun müəyyən etməli, İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Kosmik Agentliyin ("Azərkosmos") informasiya ehtiyatlarının və sistemlərinin imkanlarından istifadə etməklə, Bakı şəhərinin ərazisində müntəzəm sanitar təmizlik aparılan sahələrin və xidmət göstərilən yaşıllaşdırma sahələrinin həcmini müəyyən edərək müvafiq məlumatların Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etməli, qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Qərarda dəyişiklik ölkə Prezidentinin 6 oktyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"yə uyğun edilə bilər.















