Bakı Konqres Mərkəzi "Görüşlər Ulduzu 2020" ("Meetings Star Award") mükafatının Yeni Avropada “Ən yaxşı konqres mərkəzləri” nominasiyası üzrə qalib olub.
FED.az xəbər verir ki, hər il tədbirlər sənayesinin ən öndə gedən nümayəndələrini bir araya gətirən “Conventa” layihəsi çərçivəsində “Kongres” jurnalının (“Kongres Magazine”) keyfiyyət qiymətləndirmə sisteminə əsasən (tədbir məkanı, davamlılıq, akustika və səs sistemləri, kommunikasiya, müştəri xidmətləri və sair) şirkət və qurumlar müxtəlif nominasiyalar üzrə qiymətləndirilir.
Bakı Konqres Mərkəzinin tədbirlər sənayesində göstərdiyi davamlı inkişaf nəticəsində mərkəz 2019-cu ildə də eyni nominasiya üzrə qalib seçilib.
Qeyd edək ki, Bakı Konqres Mərkəzinin tikintisinə 2014-cü ilin fevralında başlanılıb. Mərkəzin ümumi sahəsi 6,2 hektar, tikintialtı sahəsi isə 46,6 min kvadratmetrdir. Bina bütün zəruri infrastrukturla təmin olunub. Mərkəzdə 17 konfrans zalı yaradılıb. Onların ümumi tutumu 2500 nəfərdən çoxdur. Bakı Konqres Mərkəzinin istifadəyə verilməsi Azərbaycan Respublikasının beynəlxalq tədbirləri daha da yüksək səviyyədə keçirməsi üçün geniş imkanlar yaradıb. Mərkəzdə ilk beynəlxalq tədbir 2015-ci il mayın 2-dən 5-dək Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı olub.