Banner

Biznes

Bakı Dövlət Universiteti sahibkarlıqla məşğul ola biləcək – YENİLİK

Bakı Dövlət Universiteti sahibkarlıqla məşğul ola biləcək – YENİLİK | FED.az
10:16 19 Aprel 2019

Nazirlər Kabineti Bakı Dövlət Universitetinin Nizamnaməsini təsdiqləyib. FED.az xəbər verir ki, sənədə əsasən BDU dövlət təhsil ilə yanaşı, təhsil sahəsində sahibkarlıq fəalyyəti ilə də məşğul ola bilər. Nizamnaməyə əsasən Universitetin nizamnamə fondu 50 milyon manat müəyyən edilib.

Sənədə əsasən, Universitetin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır.

Universitet «Təhsil haqqında» və «Elm haqqında» qanunlarında nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir. Bu mənbələrdən, həmçinin sahibkarlıq fəaliyyətindən əldə olunan vəsait və digər əmlak Universitetə büdcədən ayrılan vəsaitin məbləğinə təsir göstərmir.

Yeni nizamnaməyə görə, Universitet Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün Universitet Təhsil Nazirliyinin razılığı ilə təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.

Universitetin büdcədənkənar mənbələrdən daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.

Eləcə də bax: Palata ən çox nöqsan aşkar etdiyi ali təhsil müəssisələrinin - ADLARINI AÇIQLADI

Universitetin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir. Universitetin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) yönəldilir.

Universitetdə dövlət hesabına göstərilən xidmətlərin dəyəri Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən edilir. Universitetin ödənişli təhsil xidmətlərinin və sahibkarlıq fəaliyyətilə bağlı müvafiq məhsulların (malların, işlərin, xidmətlərin) qiymətləri dövlət tərəfindən tənzimlənməyən qiymətlərə aiddir.

Digər xəbərlər

Banner