“WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində iştirak edən Belarus Respublikasının “Belqospişeprom” konserni ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında qarşılıqlı əməkdaşlıq barəsində niyyət protokolu imzalanıb.
“Azərbaycan Sənaye Korporasiyası”ndan FED.az-a verilən məlumatda bildirilir ki, Protokolu Belarus Respublikası tərəfindən konsernin sədri Aleksandr Zabello, Azərbaycan Respublikası tərəfindən Korporasiyanın baş direktoru Kamran Nəbizadə imzalayıb.
Birgə əməkdaşlıq niyyəti daşıyan bu sənəd çərçivəsində məqsəd “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC ilə “Belqospişeprom” konserninin nəzdində fəaliyyət göstərən “Qrodnenskaya tabaçnaya fabrika “Neman” ASC arasında tütün məhsullarının ixracı üzrə müqavilənin imzalanması, 2019-cu ilin iyun-iyul aylarında qarşılıqlı səfərlərin təşkili, məhsul istehsalı sahəsində müəssisələr arasında təcrübə mübadiləsi, “Qrodnenskaya tabaçnaya fabrika “Neman” ASC-də tütün məmulatlarının istehsal prosesi ilə tanışlıq və birgə istehsal layihələrinin həyata keçirilməsi istiqamətində imkanların araşdırılması barəsində razılığın əldə olunmasıdır.
“Azərbaycan Sənaye Korporasiyası” ASC sərgidə “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi ” MMC, “Azəripək” MMC, “ASK Heyvandarlıq” MMC və “ASK Şəki Şərab” zavodu ilə təmsil olunurdu. Bu müəssisələr ölkənin aqrar sahəsində xüsusi çəkiyə malik olmaqla, müvafiq istiqamətlər üzrə məhsul istehsalını həyata keçirir, onalrın fəaliyyətləri 20-dən çox rayonu əhatə edir və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində minlərlə fermerə dəstək göstərirlər.
“Azərtütün” Belarusa tütün məhsulları ixrac edəcək
14:12
17 May 2019