Oktyabrın 3-də Cəbrayıl şəhərində “Azərsun Holding” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməli qoyulub.
FED.az xəbər verir ki, prezident İlham Əliyevin iştirak etdiyi tədbirdə “Azərsun Holding” şirkətinin Müşahidə Şurasının sədri Abdolbari Gözəl istehsal kompleksi haqqında məlumat verib.
“Azərsun Holding”in sahibi bildirib ki, zavodda qazlı və qazsız su, soyuq çay, soyuq qəhvə, limonadlar, təbii meyvə şirəli içkiləri istehsal ediləcək. Müəssisə ildə 250 milyon PET şüşə, 350 milyon alüminium tənəkə qutu içki istehsal edəcək.
Bildirilib ki, yeni zavod Azərbaycandan valyuta axınının qarşısının alınmasına töhfə verəcək, eləcə də burada alternativ enerji mənbələrindən istifadə olunacaq.
Tam istehsal gücü ilə fəaliyyətə başladıqdan sonra kompleksdə Cəbrayıl şəhərinə qayıdacaq 300-ə yaxın sakinin işlə təmin edilməsi nəzərdə tutulur.
Alkoqolsuz içkilərin istehsalı kompleksinin istismara verilməsi üçün ilkin mərhələdə 35 milyon manat həcmində investisiyanın qoyuluşu nəzərdə tutulur.
Prezident İlham Əliyev kompleksin təməlini qoydu.