Oktyabrın 9-da “Azərsu” ASC-də Fransanın Azərbaycandakı səfiri Zakari Qros ilə görüş keçirilib.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Fransanın Azərbaycanda yeni təyin olunmuş səfiri Zakari Qrosu salamlayaraq gələcək fəaliyyətində uğurlar arzulayıb.
Su təchizatı və kanalizasiya sektorunda Fransanın böyük təcrübəsinin olduğunu qeyd edən “Azərsu” sədri Fransa hökuməti və şirkətlərinin Azərbaycanda içməli su və kanalizasiya layihələrində iştirak etdiyini xatırladıb. Qeyd olunub ki, 2006-2009-cu illərdə Fransa hökumətinin krediti hesabına Hövsan Aerasiya Stansiyası yenidən qurulub. SUEZ şirkəti ilə imzalanmış Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə çərçivəsində nəzərdə tutulan tədbirlər və Fransa İqtisadiyyat Nazirliyinin Qrant Proqramı çərçivəsində həyata keçirilən FASEP layihəsi uğurla icra olunub. Ötən müddətdə Fransa Sahibkarlar Təşkilatına (MEDEF) daxil olan bir sıra şirkətlərin rəhbərləri ilə “Azərsu” ASC-də görüşlər keçirilib, əməkdaşlıq məsələləri müzakirə olunub. Hazırda həyata keçirilən layihələrdə yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirildiyi nəzərə alınaraq bu sahədə fransız şirkətləri ilə təcrübə mübadiləsi mühüm əhəmiyyət daşıyır.
Zakari Qros ölkəmizə səfir təyin olunmasından məmnunluğunu dilə gətirərək iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. O, Fransa şirkətlərinin Azərbaycanda həyata keçirilən infrastruktur layihələrini yüksək qiymətləndirib və yeni texnologiyaların tətbiqi sahəsində əməkdaşlığın qarşılıqlı əlaqələrə töhfə verəcəyini diqqətə çatdırıb.