Xəbər verildiyi kimi, prezident İlham Əliyevin «Azərlotereya» ASC-nin idarəetməyə verilməsi barədə Sərəncamına uyğun olaraq bu gün İqtisadiyyat Nazirliyində «Azərlotereya»nın Türkiyənin məşhur «Demirören Şans Oyunları Yatırımları A.Ş.» şirkətinin törəmə müəssisəsi olan «YMT Sans B.V.» şirkətinə idarəetməyə verilməsi ilə bağlı müqavilə imzalanıb.
FED.az xəbər verir ki, müqaviləni Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərinin icraçısı Mətin Eynullayev və “Demirören Holdinq” şirkətinin İdarə Heyətinin sədri Yıldırım Dəmirören imzalayıblar.
Qeyd edək ki, «Demirören Holding» Türkiyənin konqlomerat (yəni çoxsaylı sahələri əhatə edən – FED.az) şirkətidir.
Holdinq energetika, daşınmaz əmlak, tikinti, təhsil, media, reklam, turizm, rəqəmsal texnologiyalar sahələri üzrə şirkətləri özündə birləşdirir. Şirkətlər qrupu həmçinin, Türkiyənin ən aparıcı lotereya oyunlarının təşkilini həyata keçirir. İtalyanın məşhur oyun operatoru «Sisal SpA» ilə ortaq təşəbbüs quran «Demirören Holding» 2019-cu ildə Türkiyənin milli lotereyası «Milli Piyango»nun yaxın 10 il üçün əməliyyat hüquqlarını əldə edib. Holdinq ən müasir beynəlxalq oyun texnologiyalarının idxalı ilə də məşğuldur.
«Demirören Holding» həmçinin, Türkiyənin ən böyük media qruplarından birinin sahibidir. Media qrupa CNNTürk, Kanal D kimi məşhur televiziya və radio kanalları, Milliyət, Hürriyyət, Vətən, Posta və s. qəzetlər daxildir.