Hesablama Palatası tərəfindən aparılan audit nəticəsinə “Azərkosmos” ASC tərəfindən Vergilər Məcəlləsinin bəzi tələblərinin pozulması aşkar olunub.
FED.az bu barədə “Azərkosmos” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə hesabata istinadən xəbər verir.
“Azerspace-1” peykinin idarə olunması üçün Azərbaycandakı yerüstü avadanlıqlarda istifadə olunan proqram təminatına texniki dəstək üçün qeyri-rezident müəssisənin yerinə yetirdiyi xidmətlərə görə Cəmiyyət tərəfindən ödənilmiş, ümumilikdə, 283 236,5 manat məbləğində vəsait üzrə əməliyyata görə qeyri-rezidentin Azərbaycan mənbəyindən gəlir əldə etməsinə baxmayaraq Azərbaycanın Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin tələblərinə əməl edilməyərək qeyri-rezidentə ödəmə mənbəyindən 10% dərəcəsi ilə, ümumilikdə, 28 323,6 manat vergi məbləği vergi orqanlarına təqdim edilən bəyannamələrdə nəzərə alınmamış və dövlət büdcəsinə hesablanmayıb.
Cəmiyyətdə mülki-hüquqi müqavilə ilə işləyən işçilərdən gəlir vergisi tutularkən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinin tələbləri düzgün tətbiq olunmayaraq mülki-hüquqi müqavilə ilə işçilərin əsas iş yeri Cəmiyyət olmadığı və muzdlu işə aid edilmədiyi halda onlara hesablanmış əməkhaqqı məbləğindən ölkə üzrə yaşayış minimumunun 1 misli çıxıldıqdan sonra qalan məbləğdən mənbədə gəlir vergisi tutulmuş və nəticədə, ümumilikdə, 1659,49 manat vergi məbləği vergi orqanlarına təqdim edilən bəyannamələrdə nəzərə alınmayıb və dövlət büdcəsinə hesablanmayıb.
“Azerspace-1” peykinin idarə olunması üçün yerüstü avadanlıqlarda istifadə olunan proqram təminatına texniki xidmət üçün qeyri-rezident müəssisənin yerinə yetirdiyi işlərə görə Cəmiyyət tərəfindən həmin müəssisəyə 30.11.2017-ci il tarixində ödənilmiş 30 912,92 manat məbləğində xidmət haqqından Vergi Məcəlləsinin 169.4-cü maddəsinin tələblərinə əməl edilməyərək 18% vergi dərəcəsi ilə dövlət büdcəsinə 5564,33 manat əlavə dəyər vergisi hesablanmayıb, vergi orqanlarına təqdim edilən bəyannamədə nəzərə alınmamış və dövlət büdcəsinə ödənilməyib.