18 mart tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
FED.az xəbər verir ki, iclas koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə Baş Nazir Əli Əsədovun dövlət qurumlarının rəhbərləri üçün xüsusi rejimdə iş normalarına dair imzaladığı təlimatların tələblərinə uyğun olaraq videobağlantı vasitəsilə təşkil edilib.
Müşahidə Şurasının cari ildə keçirilən ilk toplantısında Cəmiyyətin ötən ildə əldə etdiyi nəticələr, hasilat, kəşfiyyat və ümumilikdə iqtisadi göstəriciləri geniş təhlil olunub. “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Müşahidə Şurasının üzvlərinə 2020-ci il üzrə fəaliyyət planı və qarşıda duran vəzifələr barədə məlumat verib.
Qeyd edilib ki, Cəmiyyət fəaliyyətə başladığı dövrdən etibarən, istər hasilat, istər ixrac və satış, geoloji kəşfiyyat, istərsə də digər sahələrdə çoxsaylı uğurlar əldə etmişdir. Hasilata başlanılan ilk ildən mənfəətlə çalışan Cəmiyyət qısa zaman kəsiyində nəinki dağ-mədən sahəsinin, bütövlükdə ölkənin qeyri-neft sektorunun liderlərindən birinə çevrilib. İclasda həmçinin 2020-2025-ci illər ərzində istismara veriləcək yataqlar, proqnozlaşdırılan iqtisadi səmərəlilik və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müşahidə Şurasının üzvləri tərəfindən Cəmiyyətin ümumilikdə fəaliyyəti və 2019-cu ildə əldə edilən nailiyyətləri müsbət qiymətləndirilib.
"marja"