Polşada “Azərbaycan Ticarət Evi” açılıb. FED.az xəbər verir ki, dekabrın 6-da baş tutan açılış mərasimində bildirilib ki, bu hadisə Azərbaycan məhsullarının Polşada satışına və “Made in Azerbaijan” brendinin Polşa bazarında tanıdılmasına kömək edəcək, sahibkarlar arasında əlaqələri artıracaq.
“Ticarət Evi”ndə Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi məhsullar, o cümlədən spirtli içkilər, quru meyvələr, nar, fındıq, çay, mürəbbə, meyvə suları, mineral sular, kosmetik məhsullar və s. nümayiş olunur.
“Azərbaycan Ticarət Evi”nin fəaliyyətə başlaması ilə əlaqədar təşkil olunmuş tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Polşanın rəsmi şəxsləri və iş adamları iştirak ediblər.
Tədbirdə çıxış edən Ş.Mustafayev qeyd edib ki, bu ilin 9 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 57 faiz artıb. İndiyədək Polşa Azərbaycana 20 milyon dollardan çox, Azərbaycan isə Polşaya 6,5 milyon dollar investisiya yatırıb. Hazırda Azərbaycanda xidmət, sənaye və ticarət sahələrində 21 Polşa şirkəti fəaliyyət göstərir.
Nazir deyib ki, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq üçün böyük potensial var.
Polşanın sahibkarlıq və texnologiyalar naziri xanım Yadviqa Emileviç və xarici işlər nazirinin müavini Maciej Lang Varşavada “Azərbaycan Ticarət Evi”nin işə düşməsini ikitərəfli münasibətlərdə böyük addım olduğunu deyiblər. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov isə iş adamlarını “Azərbaycan Ticarət Evi”nin imkanlarından yararlanmağa çağırıb. Tədbirdə “Azərbaycan Ticarət Evi” ilə Polşanın “STX ONE” şirkəti arasında fındıq və nar şirəsi konsentratının satışına dair Anlaşma Memorandumu imzalanıb.
Azərbaycanlılar Polşaya fındıq və nar satacaqlar - YENİ İMKAN
12:42
9 Dek 2018